Diaspor Komitəsinin sədri kosmosa uçmağa hazırlaşan Cahangir Atasevərlə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin ilk kosmonavtlarından biri, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı Cahangir Atasevərlə görüşüb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyənin 36 min namizədin içindən seçilən ilk iki kosmonavtından biri olan C.Atasevərin anası azərbaycanlıdır. “Roketsan”da sistem mühəndisi işləyən Atasevər Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi bölümündən məzun olub, İrvayn şəhərindəki Kaliforniya Universitetində elektrik-elektronika mühəndisliyi sahəsində magistr təhsili alıb.
Görüşdə C.Atasevərin nailiyyətlərindən, eləcə də onun yaxın aylarda gerçəkləşdiriləcək uçuşa hazırlığı barədə danışılıb, uğurlarının Türkiyə ilə bərabər Azərbaycana da başucalığı gətirdiyi qeyd olunub.
Xatırladaq ki, kosmonavtın anası Məlahət Atasevər Azərbaycan diasporunun Türkiyədə tanınmış nümayəndələrindəndir.
Səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlıq edən qonaqlar Azərbaycana daim bağlı olduqlarını, ölkəmizin qazandığı qələbələrlə qürur duyduqlarını dilə gətiriblər. Cahangir Atasevər tarixdə ilk dəfə kosmosdan türk dilinin eşidiləcəyi günü səbirsizliklə gözlədiyini deyib.
Dövlət Komitəsinin sədri hazırda ABŞ-da uçuş təlimləri keçən kosmonavta daha böyük uğurlar arzulayıb, onun iki qardaş ölkənin adını daim yüksəklərə qaldıracağına əminliyini ifadə edib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.