Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür
Bu gün Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür.
Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə görkəmli teatr və kino aktyoru Ağadadaş Qurbanov və opera müğənnisi Gülnar Həsənovanın ailəsində anadan olub.
Hamlet Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, rejissor Mehdi Məmmədov kursunu kursunu bitirib.
O, 1957-1992-ci illərdə Azərbaycan Akademik Dram Teatrında yaddaqalan obrazlar yaradıb.
Onun Doktor (“Şöhrət və ya unudulan adam”), Səlim bəy (“Qaçaq Nəbi”), Şəkərlinski (“Kəndçi qızı”), Doktor Lalbyuz (“Dəli yığıncağı”), Udriya (“Adsız ulduz”), Şamxal (“Şəhərin yay günləri”), Əliqulu (“Əliqulu evlənir”), Karenin (“Canlı meyit”), Hacib (“Xəyyam”), Ferdinand (“Fırtına”), Əsgər, İbrahim xan (“Vaqif”), Ağahüseyn (“Büllur sarayda”), Şükür bəy (“kimdir haqlı”), Ferdinand (“Fırtına”), Müəllim (“Nazirin xanımı”), Cəmil (“Unuda bilmirəm) və s. obrazlar aktyora ümumxalq məhəbbəti qazandırıb.
Hamlet Qurbanov Azərbaycan televiziyasında da bir sıra tamaşalarda və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş filmlərdə çəkilib. Aktyorun “Atayevlər ailəsi”, “Aygün”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “Cazibə qüvvəsi”, “Cin mikrorayonda”, “Dədə Qorqud”, “Evləri köndələn yar”, “Günahsız Abdulla”, “Qapalı orbit”, “Nakəs” və sair ekran əsərlərinda yaratdığı dolğun obrazlar bütün zamanlarda sevilərək baxılan sənət nümunələridir.
Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.