Keşlədəki “Şah Abbas” məscidi yeni simada - FOTO
Keşlə sakinlərinin qəsəbədə yerləşən “Şah Abbas” məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etdikləri müraciətlə əlaqədar Prezidentin tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılmış və müvafiq işlərə başlanılmışdır.
1news.az xəbər verir ki, layihəyə uyğun olaraq “Şah Abbas” məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi keçirilmiş, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilib. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldrılması məqsədilə ineksiya işləri aparılıb.
Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilmiş, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunmuş və yenilənib. Daxildə sonradan görülmüş suvaq işləri sökülmüş, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılmışdır. Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuş, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 m2 sahədə yenidən inşa edilib. Burada din xadimləri üçün otaq, ərasim zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulub. Məscidin həyətinə daxil olmaq üçün iki ədəd giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilib.
Qeyd edilib ki, məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilmişdir, sahəsi 139 m2 (11.8x11.8), ümumi ərazisi 1300 m2 (0.13 ha), yerli əhəmiyyətli memarlıq abidəsidir (inv № 2860) və dövlət tərəfindər qorunur.
Əlavə olaraq “Şah Abbas” məscidinin ətraf ərazilərində, Kamran Əfkari və Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq və təmir işləri aparılmış, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənmiş, yaxın məhəllələrə asfalt örtüyü vurulmuş, kommunikasiya xətləri təmir təmir edilmiş, küçə işıqları sistemi yenidən qurulmuş, yaşıllıqlar salınmış, çoxlu sayda yeni ağaclar, bəzək kolu və güllər əkilib.
Həmçinin Keşlə Şəhidlər Xiyabanında təmir işləri görülmüş, yeni Bulaq Kompleksi inşa edilmiş, istirahət guşəsi yaradılıb.
Qeyd olunan işlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib.