Təhsilin İnkişafı Forumunun nəticələrinə həsr olunmuş dəyirmi masa
Təhsilin İnkişafı Forumunun nəticələrinə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu barədə 1news.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Dəyirmi masada forum zamanı dövlət və özəl sektor nümayəndələrinin vurğuladığı kimi, innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığının inkişafı istiqamətində dialoq və kommunikasiyanı təmin etmək üçün, bu sahələrdə davamlı və dayanıqlı fəaliyyətləri koordinasiya etmək məqsədilə Dialoq və əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülüb və bütün iştirakçılar tərəfindən dəstəklənib.
Dəyirmi masa iclası və müzakirələri nəticəsində Forumla bağlı icmal sənədin hazırlanması, Forumda müzakirə olunan məsələlərin davamlılığı və dayanıqlılığı, qəbul olunmuş qərarların reallaşdırılması, universitet və sənayenin maraqları və mənafelərinin nəzərə alınması, mütəxəssislərin yetişdirilməsi, tədqiqat və araşdırma, inkişaf məsələləri, platformanın strateji fəaliyyət planı və ya yol xəritəsi, tədqiqat qruplarının hazırlanması, universitetlərdə rəqəmsallaşma səviyyəsi, qlobal innovasiya hesabatı və meyarlar barədə ictimaiyyətin məlumatlandırılması məsələləri təklif edilib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ali təhsil müəssisələrinin kadr yetişdirərkən yerli bazarın tələblərinə cavab verməli olduqlarını qeyd edib. Universitetlərin, həmçinin qlobal bazar üçün kadr hazırlığını diqqətdə saxlamalı olduğunu səsləndirib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəqəmsal savadlılığın artırılmasının, rəqəmsal alətlərdən geniş istifadənin vacibliyini vurğulayıb. Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov universitet-sənaye tərəfdaşlığının iki istiqaməti olaraq neft-qaz ölkələrinin innovasiyaya keçid təcrübəsinin araşdırılması və müvafiq fəaliyyət planının hazırlanmasını bildirib.
Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı Şölə Əliyeva universitet-sənaye əməkdaşlığından daha çox sırf təhsil-sənaye əməkdaşlığının nəzərə alınmasının önəmini vurğulayaraq hər zaman bu təşəbbüsə açıq olduqlarını bildirib.
Daha sonra çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov universitet-sənaye işbirliyi sahəsində icra planının hazırlanması üçün, ilk növbədə, cari vəziyyətin təhlil edilməsinin önəmli olduğunu, eləcə də təhlil zamanı innovasiya indikatorlarının hesabtlarından mənbə kimi istifadə edilə biləcəyini deyib.
TED Universitetinin rektoru İhsan Sabuncuoğlu tələbəyə, müəllimlərə, yenilikçi fikri olan işçilərə, mühəndislərə, ali təhsil müəssisələrinə və şirkətlərə yönəlik istiqamətlərdə təşviq mexanizmlərinin yaradılmasının zərurətini vurğulayıb. Cari vəziyyət təhlil edildikdən sonra istiqamətlər prioritetləşdirilə bilər.
Yekunda, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dəyirmi masa iclasının iştirakçılarına universitet-sənaye tərəfdaşlığına dair dialoq və əməkdaşlıq platformasının yaradılması prosesində iştiraka görə təşəkkürünü bildirib. Platformanın məqsədləri, fəaliyyəti və hədəflərinə dair fəaliyyət proqramının hazırlanacağı və qısa müddətdə universitetlər və sənaye qurumları ilə tərəfdaşlıq nəticəsində həyata keçiriləcəyini bildirib.