IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi
Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir.
1news.az xəbər verir ki, 2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgisi 9-cu dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumları, ən nəhayət, oxucuları bir araya gətirib.
1news.az xəbər verir ki, Noyabrın 11-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi.
Açılış mərasimində elm adamları, səfirlər, millət vəkilləri, tanınmış mədəniyyət və ədəbiyyat nümayəndələri iştirak edirdilər.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq diqqətə çatdırdı ki, 9-cu sərgi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ulu öndər hər zaman kitaba, kitab sənayesinin inkişafına böyük diqqət göstərib. Dahi siyasətçi oxu mədəniyyətini, nəşriyyat işinin inkişafını hər zaman öz qayğısı ilə əhatə edib.
Bildirildi ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ədəbiyyat sahəsinə, yazarlara, kitab sənayesi, bütövlükdə nəşriyyat sahəsinin inkişafına ciddi dəstək verilir. Kağız idxalının və istehsalının ƏDV-dən azad olunması, eləcə də hər il bir sıra ölkələrdə Azərbaycanın kitab mədəniyyətinin təbliğinə şərait yaradılması bu diqqətin təzahürüdür.
Qeyd olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Eyni zamanda mədəniyyət Qarabağımıza qayıdır. Həmin ərazilərdə kitabxanaların yaradılması istiqamətində də addımlar atılır. Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi "Qarabağa kitabla gedək!" kitabtoplama layihəsi kitab fondunun zənginləşdirilməsinə öz töhfəsini verəcək.
Nazir çıxışının sonunda bütün sərgi iştirakçılara uğurlar arzuladı.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, millət vəkilləri, akademik Nizami Cəfərov, Fazil Mustafa, ombudsman Səbinə Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid sərginin əhəmiyyətini qeyd etdilər.
Vurğulandı ki, kitab bəşəriyyətin və insanların həyatında çox mühüm yer tutan amillərdən biridir. Əsrlər boyu yazarlarımız, mütəfəkkirlərimiz dünya ədəbiyyatına mühüm töhfələr veriblər. Bununla da Azərbaycanı ədəbiyyat və fikir məkanı kimi dünya xəritəsinə yerləşdiriblər. Artıq 9-cu dəfə təşkil edilən sərgi həm Azərbaycan kitabının beynəlxaq aləmdə, həm də dünya kitabının Azərbaycanda təbliğinə xidmət edir.
Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov Bakı Beynəlxalq Kitab Sərgisini Cənubi Qafqazın ən böyük ədəbi tədbiri kimi dəyərləndirdi:
“Bu il ilk dəfə sərgidə fəxri qonaq kimi çıxış edirik və bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Təxminən 100 kvadratmetr sahəsi olan Rusiya stendinin rəflərində klassik, müasir əsərlər, bədii ədəbiyyat və s. yer alıb. Burada 30 rus nəşriyyatı təmsil olunur. Əminəm ki, Bakı Beynəlxalq Kitab Sərgisi Rusiya ilə Azərbaycan arasında mədəni-təhsil əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək”.
Çıxışlardan sonra nazir Adil Kərimli və qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, "Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə gerçəkləşən sərgidə “Zəfər”, “Şuşa” və “Xudafərin” adlı üç təqdimat zonası fəaliyyət göstərir.
Sərgi səhər 10:00-dan axşam 20:00-dək açıq olacaq. Ənənəvi olaraq bu dəfə də sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin edilir. Sərgiyə giriş sərbəstdir.