Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib
Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin müəyyənləşdirilməsi ilə əlaqədar idarənin Ali Dini Şurasının iclası keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, iclas zamanı GMİ-nin şeyx namizədlərinin səsvermə prosesi baş tutub. Ali Dini Şuranın səs çoxluğu ilə, Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin şeyxi seçilib. Məlumata görə, 21 nəfərdən ibarət Ali Dini Şuranın bəzi üzvləri etiraz olaraq səsvermədə iştirak etməyiblər.
Şeyx seçkilərində daha iki namizəd - Hacı Qurban Murquzov və İdarənin əməkdaşı Kərbəlayi Vidadi Qurbanov iştirak edib.
Qeyd edək ki, 1977-ci ildə Marneulinin Sabirkənd kəndində anadan olmuş Hacı Faiq Nəbiyev ilk dini təhsilini Gəncə Mədrəsəsində alıb. Daha sonra dini təhsilini İranın Qum şəhərində davam etdirib. O, 2002-ci ildə “Alulbeyt” Dini Mədəni Maarif Mərkəzinin təsis olunmasından bugünədək sözügedən mərkəzin müdiri vəzifəsini tutub.
Xatırladaq ki, Gürcüstan Müsəlmanları İdarəsinin əvvəlki şeyxi Hacı Ramin İgidov idi. O, şeyx seçkilərində iştirak etməyəcəyini bildirib.