“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Dekabrın 10-da Şuşa Hotel-Konqres Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib.
1news.az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşib.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. "Paytaxt ili" çərçivəsində Şuşada müxtəlif səpkili tədbirlər keçirilib, qədim şəhərin tarixi-mədəni zənginlikləri təbliğ olunub.
Bağlanış mərasimində rəsmi şəxslər, ölkəmizdən və türk dövlətlərindən mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlının çıxışları dinlənilib.
Sonra "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.
2023-cü il üzrə TÜRKSOY Media Mükafatı və TÜRKSOY-un xüsusi mükafatının da təqdimatı olub.
Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atagəldi Şamuradova təqdim edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı"nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olunub.
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimova sertifikat verilib.
Tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı izləyiblər.
Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edilib.
Sonda ailə fotosu çəkdirilib.
Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbulda keçirilən sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər idi.
Onu da xatırladaq ki, Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək.
***
12:43
Dekabrın 10-da Şuşa Hotel-Konqres Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir.
1news.az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşib.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. "Paytaxt ili" çərçivəsində Şuşada müxtəlif səpkili tədbirlər keçirilib, qədim şəhərin tarixi-mədəni zənginlikləri təbliğ olunub.
Bağlanış mərasimində rəsmi şəxslər, ölkəmizdən və türk dövlətlərindən mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirlər.