Hazırlıq keçən taksi sürücülərindən narazılıq: Digərlərinin fəaliyyətinə niyə qadağa qoyulmur? - RƏSMİ CAVAB
Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq icazə veriləcək.
“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Belə ki, xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Bununla bağlı hazırlıqdan keçən taksi sürücüləri 1news.az-da müraciət edərək bildiriblər ki, onlar qərara əsasən hazırlıq keçərək buraxılış vəsiqəsi və buraxılış kartı alsalar da heç bir hazırlıq keçməyən sürücülərin fəaliyyəti ilə bağlı hansısa tədbirlər görülməyib.
Həmin sürücülər bildirir ki, onlar bu hazırlıq müddətində həm zamanlarından, həm də pullarından olsalar da heç hazırlıqdan keçməyən sürücülərlə fərqləri yoxdur. Hazırlıqdan keçməyən sürücülər heç bir məhdudiyyət olmadan fəaliyyətlərinə davam edirlər.
Bəs görəsən nəyə görə hazırlıq keçən və keçməyən sürücülər arasında hazırda fərq qoyulmur?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
“Təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır”.
Bildirilib ki, Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.