Şəhidimizin atası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib
Şəhid Ağayev Asəf Abid oğlunun atası Ağayev Abid İsrəfil oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
Bu barədə 1news.az-a “YAŞAT” Fondundan məlumat verilib.
Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.
Xatırladaq ki, bu günə qədər Fond 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla ümumilikdə 186 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsini təmin edib. Onlardan 180-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək.