MSK sədri jurnalistlərin seçki məntəqələrində fəaliyyətinə aydınlıq gətirib
Məntəqələrə buraxılan jurnalistlərin Media Reyestrində olub-olmamasının yoxlanılıb-yoxlanılmaması məsələsinə aydınlıq gətirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu, Azərbaycanda ilk təcrübədir: “Seçki zamanı hamı Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərməlidir, burada hansısa zümrə yoxdur. Qarşılıqlı anlaşmada fəaliyyət göstərilsə, problem yaranmaz. Heç kəsin Seçki Məcəllənin tələbini və digər qanunvericilik aktlarını pozmağa haqqı yoxdur. Əgər pozuntu olsa, biz həm Seçki Məcəllənin tələbinə, həm də digər qanunvericilik aktlarının tələbinə uyğun ciddi addımlar atacağıq. Biz MSK olaraq heç vaxt qadağalarla danışmırıq. Biz çoxluğun fikrinin ortaya qoyulmasının tərəfdarıyıq. Çoxluğun tələbi də qanunvericilik tələbləri nəzərə alınmaqla, bütün sivil ölkələrdə olduğu kimi ortaya qoyulmalıdır”.