Martın 1-dən “Bakı Marafonu 2024”də iştirak üçün qeydiyyat aparılacaq
Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçiriləcək.
1news.az Fonda istinadən xəbər verir ki, martın 1-dən aprelin 25-nədək isə marafonda iştirak üçün qeydiyyat aparılacaq. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Bunun üçün Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya onlayn qeydiyyat üçün www.marathon.az saytına müraciət edilməlidir.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər təşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilməlidir. Bakı marafonunda tələbələrin iştirakı ilə bağlı ödəniş Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı vəsait ödəmirlər.