Sükan arxasında videoya baxan "BakuBus" sürücüsü işdən çıxarılıb
Sosial şəbəkələrdə “Baku Bus”a məxsus 211 nömrəli marşrut avtobusunun sürücüsünün təhlükəsizlik qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videoda sürücünün avtomobil yolunda mobil telefon izləməsini və günəbaxan tumu çırtlamasını görmək mümkündür.
Görüntülərdən də aydın olur ki, sürücü yola baxmaq əvəzinə nəqliyyat vasitəsində daşıdığı sərnişinlərin həyatını riskə ataraq video izləyir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də sorğu ünvanlamışıq.
Qeyd edək ki, 211 nömrəli marşrut Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi - “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkət edir.
“Bakubus” MMC yayılan görüntülərlə bağlı açıqlama yayıb. Şirkətin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, sosial şəbəkələrdə yayılmış video araşdırılıb: “Sürücünün “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilib. Qeyd olunan halın “Bakubus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilib və onun əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilib.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyirik. Sərnişinlərə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik”.