Gəncədə qeysəriyyə əməliyyatı olunan qadın xəstəxanada ölüb - YENİLƏNİB
1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə olan şəxs 27.03.2024-cü il tarixində saat 16:58 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzin Ginekologiya şöbəsinə huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı və sifilis diaqnozları ilə yerləşdirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, pasiyent qeysərriyyə əməliyyatı olunub və cinsi qız, boyu 41 sm, çəkisi 1 kq 300 qram olan uşaq dünyaya gətirib.
Daha sonra zahı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 01.04.2024-cü il saat 08:30 radələrində kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.
Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq.
Qeyd edək ki, azyaşlının müalicəsi isə Perinatal Mərkəzin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir.
09:30
Gəncə şəhərində qeysəriyyə əməliyyatı olan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.
1news.az-ın "Report"a istinadən məlumatına görə, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı olub.
Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.