İçərişəhərdə MakTAB məzunlarının təltifetmə mərasimi keçirilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) keçirdiyi təltifetmə mərasimində MakTAB (Tarixi Abidələrin Bərpası Məktəbi) məzunlarına diplomları təqdim olunub.
Bu barədə 1news.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki,tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa, Beynəlxalq Muzeylər Şurasının üzvü (BMŞ - ICOM) Erix Pummer, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək layihənin önəmindən bəhs ediblər və Mak’TAB məzunlarına mədəni irsimizin qorunması ilə bağlı gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Qonaqlara layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub.
Təltifolunma mərasimində həmçinin, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubamçıbek Ömürəliyevin və UNESCO yanında Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) vitse-prezidenti Riin Alatalonun tədbir iştirakçılarına video müraciətləri nümayiş olunub.
Qeyd edək ki, icrasına 2022-ci ildən başlanılan MakTAB layihəsinin əsas məqsədi tarixi-memarlıq abidələrinin bərpası sahəsində dövlət və özəl qurumlarda fəaliyyət göstərən bərpaçıları bir araya gətirərək, onları beynəlxalq təcrübə ilə tanış etmək, dünyanın qabaqcıl bərpaçılarının tətbiq etdiyi müasir metodları aşılamaq və bu istiqamətdə əlavə bilik və bacarıqlara yiyələnmələrinə dəstək verməkdir.