Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Qafar Ağayev13:02 - 26 / 04 / 2024
Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.

1news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub. Dövlət başçısının müvafiq sərəncamı (27 may 2011-ci il) ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin 1-3 may tarixlərində növbəti – VI Forumun keçirilməsi ilə bağlı tapşırıq verilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Tədbirlər Planı təsdiq edilib.

Forum BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.
Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılır.

Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər