FHN-də çimərlik mövsümünə hazırlıqla əlaqədar toplantı keçirilib, tapşırıqlar verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq tədris-metodiki toplantı keçirilib.
Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, toplantıda Xidmətin rəhbərliyi, struktur bölmələrinin, eləcə də dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, regional şöbələrin məsul şəxsləri iştirak edib.
Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2023-cü il ərzində su obyektlərində baş vermiş sudaboğulma hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib. Eyni zamanda, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə görülmüş işlər diqqətə çatdırılıb.
Daha sonra xidmətin struktur bölmələrinin rəhbərləri müvafiq sahələr üzrə hesabat xarakterli çıxışlar ediblər.
Sonda xidmət rəisi cari ildə insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.