Şuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini doğma yurduna qovuşub.
Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
10:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.