BMTİP Azərbaycanın nümayəndə heyəti Naxçıvanda missiyada olub
BMT-nin İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
1news.az xəbər verir ki, BMTİP-nin Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun başçılıq etdiyi heyət Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Bölgənin dayanıqlı inkişaf perspektivləri ilə bağlı geniş müzakirələrin aparıldığı görüşdə iqlim dəyişikliyi, ətraf mühitin qorunması, bölgənin yaşıl enerji potensialı və digər məsələlər müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov ilə görüşdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. BMT-nin İnkişaf Proqramının texniki dəstəyi ilə bölgənin sosial-iqtisadi inkişafı istiqamətində atılacaq addımların əhəmiyyəti qeyd edilib.
Daha bir səmərəli görüş Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva ilə baş tutub. Qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüləcək işlər müzakirə olunub.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Haqları İnstitutu və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans keçirilib.
Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda dövlət və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekologiya könüllüləri iştirak edib.
Alessandra Rokkasalvo konfransda çıxış edərək qlobal iqlim dəyişikliyinin müxtəlif sahələrə təsiri, bu istiqamətdə yeni yanaşmaların və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Dayanıqlı İnkişaf Məqsədləri və COP-29 mövzuları ətrafında geniş müzakirələr aparılıb.