Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub - FOTO
“İçərişəhər” Dövlət Tarix-Memarlığı Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan Tarixi Abidələrin Bərpası Məktəbi (Mak’TAB) UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Asiya və Sakit Okean Regionu üçün Ümumdünya İrs Təlim və Tədqiqat İnstitutunun təsis etdiyi beynəlxalq müsabiqənin qalibi olub.
İdarədən 1news.az-a verilən məlumata görə, “Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar” müsabiqəsinin “Star of Discovery” kateqoryası üzrə mükafata layiq görülən Mak’TAB, dünya üzrə 100-dən çox iştirakçı arasından seçilib.
Mükafatın təqdimetmə mərasimi Hindistanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan tədbirdə baş tutub. Bununla yanaşı, eyni tədbirdə Tarixi Abidələrin Bərpası Məktəbi ilə bağlı təqdimat keçirilərək, Mak’TAB qonaqlara “Nümunəvi keys” qismində göstərilib.
Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilən birgə işlərə dəstək göstərmək məqsədilə yaradılıb. Tarixi Abidələrin Bərpası Məktəbi Azərbaycanda bərpaçıları təlimə cəlb edərək, onlara tarixi abidələrin bərpası istiqamətində əlavə biliklər verir.
Qeyd edək ki, Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar (“Global Awards for World Heritage Education Innovative Cases – AWHEIC) 2022-ci ildə Ümumdünya İrs Konvensiyasının 50-ci ildönümünü qeyd etmək məqsədilə təsis olunub. Müsabiqənin əsas təşkilatçısı Çin Xalq Respublikasının UNESCO üzrə Milli Komissiyasıdır. Məqsəd dünya üzrə xüsusi əhəmiyyətə malik irs təhsili nümunələrini seçmək və qlobal irs təhsili üzrə peşəkarların dialoqu və təcrübə mübadiləsi üçün beynəlxalq platforma təmin etməkdir.