Bu gün Xalq artisti Tofiq Kazımovun anım günüdür
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.
Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.
1news.az xəbər verir ki, bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun vəfatından 44 il ötür.
Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.
Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.
Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar ozamankı teatrsevərlərin yaxşı xatirindədir.
Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.