Cəriməyə görə saxlanılan sürücünün başqa əməli aşkarlandı
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib.
İdarədən 1news.az-a verilən məlumata görə, paytaxt sakini Vasif Hüseynlinin idarə etdiyi “Honda” markalı avtomobil ödənilməmiş cərimələri olduğu üçün Bakı-Quba yolunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı V.Hüseynlinin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.