Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ilinə həsr olunan sərgi keçirilib - FOTO
Avqustun 16-da Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə Qırımızı Qəsəbənin yaradılmasının 290-cı il dönümü münasibətilə sərgi təşkil edilib.
1news.az xəbər verir ki, Dağ Yəhudiləri Muzeyində keçirilən sərgidə fəxri qonaq qismində gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayonu İcra Hakimiyyəti başçısı İlqar Mahmudov, eləcə də Qırmızı Qəsəbənin yəhudi icmasının nümayəndələri və İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dağ Yəhudiləri Muzeyinin direktoru İgor Şaulov sərgi iştirakçılarına Qırmızı Qəsəbəyə və burada məskunlaşan yəhudi icmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət göstərildiyini, qəsəbənin inkişafı və yenidənqurulması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb.
İqor Şaulov Qırmızı Qəsəbənin tarixinin, dağ yəhudilərinin müxtəlif dövürləri əhatə edən həyat tərzinin, maddi və mənəvi mədəniyyətinin, irsinin və ənənələrinin, o cümlədən ölkənin sosial-iqtisadi həyatında öz fəaliyyətləri ilə seçilən qəsəbə nümayəndələri haqqında məlumatların,əlyazmaların,antik əşyaların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə 2019-cu ildən Dağ Yəhudiləri Muzeyinin yaradıldığını,hər il dövlət qurumlarının və xarici ölkələrin səfirliklərinin və təşkilatlarının iştirakı ilə silsilə tədbirlərin təşkil edildiyini qeyd edib.
Quba Rayonu İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova Azərbaycanda hər zaman multikulturalizm və tolerantlıq dəyərlərinə, ölkədə yaşayan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasına, yerli əhali ilə inteqrasiyasına xüsusi önəm verildiyini vurğulayıb.
Qırmızı qəsəbənin dünyada yəhudilərin İsrail və ABŞ-dan kənarda kompakt yaşadığı yeganə yerlərdən olduğunu deyən Səidə Abasova bu gün ölkə hüdudlarından kənarda yaşayan dağ yəhudilərinin nəinki qəsəbənin, bütün Azərbaycanın inkişafında və dünyaya tanıdılmasında müstəsna rol oynadıqlarını qeyd edib.
Tədbir çərçivəsində sərgi iştirakçıları Dağ Yəhudiləri Muzeyi ilə yaxından tanış olub, onlara Qırmızı Qəsəbəyə həsr olunan video çarx nümayiş olunub.