Azərbaycan alimləri COIA-2024 beynəlxalq konfransında məruzə ilə çıxış ediblər
Avqustun 29-da Türkiyənin İstanbul şəhərində keçirilən “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda IX beynəlxalq konfrans (COIA-2024) başa çatıb.
Konfransda İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru dosent Rəşid Ələkbərovun və aparıcı elmi işçi Məmməd Həşimovun həmmüəllifi olduqları “Süni intellektin kiberfiziki sistemlərin kiberdayanıqlığında rolu” mövzusunda məruzə təqdim edilib.
İnstitutdan 1news.az-a bildirilib ki, tədqiqat işində kiberfiziki sistemlərin kiberdayanıqlığının artırılmasında süni intellektin rolunun araşdırıldığı diqqətə çatdırılıb. Həmçinin kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarından istifadənin üstünlüklərinin və mənfi cəhətlərinin təhlil olunduğu, süni intellekt vasitəsilə kiberfiziki sistemlərdə kibertəhlükələrin aşkarlanması, təhlükəsizlik təhdidlərinin proqnozlaşdırılması və qarşısının alınması mexanizmlərinin təklif olunduğu qeyd edilib.
Tədbirdə idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılar üçün müzakirə və fikir mübadiləsi baxımından geniş imkanlar yaradılıb. Konfransda “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Qeyri-səlis idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifkasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlərdə məruzələr dinlənilib.