Kosmik hava proqnozu açıqlanıb
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan 1news.az-a bildirilib ki, Günəş fəallığı nisbətən azalıb. Maksimal sinifli alışma 3806 regionunda baş verib. Günəşin səthində ləkələrin sayı azalaraq tac dəlikləri müşahidə olunur. Həftə ərzində bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb, TKA-nın Yerə deyil, Veneraya təsir göstərəcəyi proqnozlaşdırılır.
Hazırda Günəş küləyinin sürəti normaldır. Hesabat dövrü ərzində geomaqnit sahəsinin intensivliyi TKA-ın təsirilə 28 avqustda qısamüddətli G2, 30-31 avqustda isə fasilələrlə G1 səviyyəsinə yüksəlib. Sentyabrın 2-dən 8-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə M5.5 sinifli alışma ilə əlaqəli olaraq S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürəti də alışmanın təsiri ilə yüksələ bilər.
Geomaqnit sahəsinin sakit-aktiv səviyyələrdə olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.