Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri vəzifələrə təyin olunublar
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Mədəniyyət Nazirliyinin Kino Agentliyində müxtəlif vəzifələrə təyin olunublar
Nazirlikdən 1news.az-a verilən məlumata görə, avqustun 22-də Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Elman oğlu İsgəndərov Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Orxan İsgəndərov Azərbaycan Respublikasının Prezindenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsində təhsil alıb. Bir sıra, o cümlədən insan kapitalının idarə edilməsi üzrə “SHRM-CP” beynəlxalq dərəcəli sertifikatlara malikdir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin digər qalibi Seymur Elşad oğlu Hüseynov Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.
Seymur Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Türkiyənin Boğaziçi Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisasartırma proqramlarının məzunudur. Gənclər üçün Prezident Mükafatının laureatıdır.