Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür

13:52 - 13 / 09 / 2024
Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür

Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir.

Sənətkarın hər yeni əsəri həm ölkəmizdə, həm də onun hüdudlarından qat-qat uzaqlarda əks-səda tapıb, maraqla qarşılanıb. Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davam və inkişaf etdirən, Q.Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən A.Məlikov fərdi yaradıcılıq üslubunu yaradıb.

1news.az xəbər verir ki, bu gün müstəqil Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun anadan olmasından 91 il ötür.

1933-cü il sentyabrın 13-də Bakıda anadan olan sənətkar, öz simfoniyaları ilə XX əsrin sonu - XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlayıb, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəlib.

Unudulmaz sənətkar belə möhtəşəm əsərləri - “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqiləri ilə çoxdan əbədiyaşarlıq qazanıb.

A.Məlikov, eyni zamanda, ən gözəl Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.

Görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın bir çox ölkəsində dinlənilir, səhnələşdirilir. Arif Məlikov musiqisi ilə Azərbaycan musiqi sənəti dünya ölkələrində təmsil olunaraq rəğbət qazanır. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.

Məşhur bəstəkar Dmitri Şostakoviç “Məhəbbət əfsanəsi” baleti haqqında dəyərli fikirlər söyləyərək deyib: “Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxili inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib”.

Əgər iri janrlarda bəstəkar alovlu bir natiq kimi geniş kütlələrə, milyonlara müraciət edərək ümumbəşəri problemlərdən, hamımızı narahat edən həyat məsələlərindən söz açırsa, miniatür əsərlərində - romanslar, fortepiano pyeslərində o, qəlbinin dərinliklərində gizlədiyi ən məhrəm duyğuları, lirik düşüncələri ilə dinləyicilərin ürəyinə yol tapır.

XX əsrin məktəblərinə, cərəyan və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir. Lakin müəllimi Qara Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə çevrilməsinə heç vaxt yol vermir, ikincisi isə heç vaxt möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlardan ayrılmır. Vaxtilə təhsilini Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənən, öz barmaqlarını tara toxunduraraq muğamların, xalq musiqisi nümunələrinin cövhərini qəlbinə hopduran A.Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz əsərlərində bu milli musiqi incilərinə yeni həyat verib.

Onun bir bəstəkar kimi qazandığı nailiyyətlər özlüyündə təkcə musiqimizdə deyil, ümumilikdə, milli-mədəni tərəqqi naminə göstərilən xidmətlər hesab edilməlidir.

A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibi idi. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, bəlkə bundan daha vacib olan keyfiyyətləri - Vətənə, xalqa məhəbbət hissini, milli-mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edib, onun himayəsi altında böyük həyat məktəbi keçib.

Böyük bəstəkar həm də bir vətəndaş kimi Azərbaycanımızın bütün çətin məqamlarında sözünü deməyi, vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarıb. Xalqımızın ağır günündə o, qələmə sarılaraq 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazıb. Kitabda bu hadisələrdə təqsiri olan insanları cəsarətlə ifşa edərək, xalqımızın ağrı-acılarını dünyaya çatdırıb.

Arif Məlikov 2019-cu il mayın 9-da 85 yaşında dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.

Paylaş:
200

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12KOB-ların maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edilirBu gün, 12:54“28 May” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında yeni marşrut xətti açıldıBu gün, 12:398 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir - FOTOBu gün, 12:32I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilibBu gün, 12:28Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıbBu gün, 12:14İş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:0227 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandıBu gün, 11:50Sentyabrın 18-i Milli Musiqi GünüdürBu gün, 11:42Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilibBu gün, 11:26FHN İsmayıllıda obyektin fəaliyyətini dayandırıbBu gün, 11:18NİİM hazırda sıxlıq müşahidə olunan yolların siyahısını açıqladıBu gün, 11:13Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilə bağlı qərarını açıqladıBu gün, 11:01Azərbaycan nefti bahalaşıbBu gün, 10:51Daha dörd I Qarabağ müharibəsinin itkin şəhidi dəfn ediləcəkBu gün, 10:37Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edibBu gün, 10:25“McDonald’s Azərbaycan” və DSMF bütün ölkə üzrə şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib - FOTOBu gün, 10:16Hizbullaha aid peycərlərin partladılmasının arxasında Mossadın var? - İDDİABu gün, 10:11
Bütün xəbərlər