Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib.
1news.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Dövlət Xidmətinin fəaliyyətində müasir idarəetmə elementlərinin tətbiqinə və modern yanaşmalara uyğun olaraq, əmlak idarəçiliyi sahəsində davamlı, genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edib, digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, o cümlədən göstərilən xidmətlərin elektronlaşması istiqamətində mühüm layihələrin icra edildiyini diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının artırılması və iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, ictimaiyyətin dəqiq və dolğun informasiya ilə təmin edilməsində və sahəvi jurnalistikanın inkişafının stimullaşdırılmasında belə seminarların təşkilinin əhəmiyyətini vurğulayıb.
Sonra Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin departament müdiri Rəşad Əbləsənov “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda təqdimatla çıxış edərək, daşınmaz əmlakın ilkin qeydiyyatı prosedurları, tələb olunan sənədlər, qanunvericiliyin tələbləri, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verib.
Seminarda mövzu ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb, onlara sertifikatlar təqdim olunub.