Azərbaycanlı xanımla ailə quran amerikalı muğam ifaçısı: “Qayınanam ingilis dili professorudur”

Vaxtilə evdə onun sədaları altında böyüklərin dərin fikrə getməsi uşaq baxışları üçün anlaşılmaz və sıxıcı bir mənzərə idi.
Ancaq zaman keçdikcə o səslərin mənası aydınlaşmağa başladı. İndi qəfil eşidilən bir xanəndə avazı insanı dayandırır, gözlər yaxına zillənir, xəyallar isə uzaq keçmişin künc-bucaqlarına boylanır. Söhbət Azərbaycan muğamından gedir. Muğamda heç bir saxtalıq və pafos yoxdur. O, insanı bütün iddialarından soyundurub içindəki ən təmiz və insani tərəflə üzləşdirir. Məhz bu səmimiyyət sərhədləri aşaraq amerikalı musiqiçi Cefri Verbokun da qəlbinə yol tapıb. Onun Azərbaycan muğamına sevgisi ötəri maraq deyil, yarım əsrə yaxındır davam edən və zamanla daha da dərinləşən bağlılıqdır.
Beləliklə, 1news.az-ın budəfəki müsahibi Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbokdur.
- “Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam”.
Bugünkü qonağımız Azərbaycan muğamını dünyada təmsil və təbliğ edən dəyərli bir insandır - Cefri Verbok. Xoş gəlmisiniz. İlk dəfə kamançanın səsini eşidəndə hansı hissləri keçirdiniz? Necə oldu ki, Azərbaycan musiqisini sevməyə başladınız?
- Azərbaycan musiqisini ilk dəfə 1972-ci ildə eşitmişəm. Əlbəttə, hamı bilir ki, bu musiqi məni heyran etdi. Amma bu, eşitdiyim ilk Şərq musiqisi deyildi. Uşaqlıqdan Şərq musiqisinə qulaq asırdım. Bunun səbəbi isə o dövrün ən məşhur musiqi qrupunun “The Beatles” olması idi.
George Harrison 1966-cı ildə bu ansamblın disklərini yazmağa başladı. O, Hindistanın sitar alətindən istifadə edərək ilk dəfə “Norwegian Wood” adlı mahnı yaratdı. Biz gənc olanda bu musiqiyə qulaq asırdıq. Böyük Britaniyadan olan bu dörd məşhur insan bütün dünyanı dəyişdirdiyi üçün hər şey bizim üçün böyük sürpriz idi. Onlar Qərb musiqisini Şərq musiqisinə çevirdilər.
Onlar əvvəllər eşitmədiyimiz musiqi tərzini Qərb dinləyicilərinə tanıdırdılar. Hamı düşünürdü ki, bu, nə qədər dərin və fəlsəfi musiqidir. Pop musiqidən gələn bu insanı milyonlarla insan dinləyir, onun yaradıcılığına diqqət yetirirdi. Çünki “The Beatles” həddindən artıq məşhur idi.
Mənə əsas təsir edən məhz Corc Harrison olub. Ondan sonra başqa ansambllar da buna bənzər maraqlı bəstələr yaratdılar və bu, digər qruplara da böyük təsir göstərdi.
“İlk dəfə eşidəndə elə bil öz musiqim idi”
Məhz buna görə mənim musiqi zövqüm və ürəyim Şərq musiqisinə yönəldi. Sanki bu musiqi məni əvvəlcədən hazırlamışdı. Azərbaycan musiqisini ilk dəfə eşidəndə mənə qəribə gəlmədi, elə bil öz musiqim idi.
Eşitdim və düşündüm ki, mən bu yolla getməliyəm. Los-Ancelesdə, Kaliforniyada bir insan tapdım. O, yaşlı kişi idi. Sonradan öyrəndim ki, Dağıstanda anadan olub. Təxminən 63 yaşı vardı. Onunla belə tanış oldum.
O, kamançada çox sadə ifa edirdi. Sizin uşaqlar kimi mürəkkəb çalıb heyran etmirdi. Belə ifaları sonradan eşitdim. Amma həmin vaxt ilk dəfə kamançanın səsini eşidəndə gördüm ki, bir, iki, üç notla belə bizi başqa bir dünyaya aparır.
Bir saniyə qulaq asdım və feyziyab oldum. İçimdə çox maraqlı bir hadisənin baş verdiyini hiss etdim. Biz, qərblilər, gitara, skripka, piano çalmağa öyrəşmişik. Amma kamança tamam başqa cürdür.
Onda anladım ki, sizin kamançanız insanı daxilən dəyişdirir. Kamança budur, əsas və real olan budur. Biz skripka və gitaranı qəribələşdirmişik. Bilmirəm, bu psixoloji fenomeni necə izah edim, amma anladım ki, bu hadisə mədəniyyəti Qərbdən Şərqə doğru dəyişdirir. Mən də bu yolla getməli idim. Sonra tara baxdım və ona da heyran qaldım. İndi özüm də tara baxanda böyük zövq alıram. Kamança gözəldir, tar gözəldir, saz gözəldir. Saz o qədər də estetik görünməsə də, onun bəm səsi xoşuma gəlir. Ona görə də sazı da çala bilərəm.
Qərb ölkələrində konsertlər verirəm. Nadir hallarda açıq havada, geniş auditoriyanın iştirak etdiyi adi konsertlərim olur. İşimin 95 faizi sinif otaqlarında, kolleclərdə, universitetlərdə, akademiyalarda, musiqi məktəblərində və böyük, nüfuzlu muzeylərdə keçir. Belə məkanlarda dəfələrlə geniş auditoriya qarşısında çıxış etmişəm. Musiqimi ilk dəfə dinləyən, onu əvvəllər tanımayan insanlar olur.
Yavaş-yavaş başa düşdüm ki, musiqini ilk dəfə dinləyənlər mənim kimi düşünməyəcəklər. Bu musiqi onlar üçün qəribədir. Ona görə də xüsusi proqram hazırladım. İlk dəfə dinləyənləri muğama hazırlayıram, onlara bu musiqini necə dinləmək lazım olduğunu izah edirəm. Araşdırma apardım və müəyyən etdim ki, muğam strukturunun səkkiz nöqtəsi var. Lazımi effekt məhz bu nöqtələr nəzərə alınanda alınır.
Azərbaycanlı ifaçılar və dinləyicilər onsuz da muğama öyrəşiblər, onlara bu məlumatlar lazım deyil. Qərblilərə isə əvvəlcədən izah vermək lazımdır ki, nə eşidəcəklərini və nə gözləməli olduqlarını bilsinlər.
Bu izahatdan sonra ifaya çox sadə, xırda səslərlə başlayıram. Yavaş-yavaş əsl muğamı bir qədər mürəkkəbləşdirirəm və bu, insanları heyran edir.
Məsələn, bizim etnomuzikologiya professorlarımız var. Bəlkə, onların sayı 1000-1500 nəfərdir, dəqiq bilmirəm. Kolleclərdə təkcə musiqi deyil, dünya musiqisi - etnomuzikologiya da öyrədilir. Onlar mənim haqqımda məlumat alır və universitetə, musiqi məktəbinə dəvət edirlər. Deyirlər ki, Cefri, gəl, mühazirə oxu, musiqi nümunələri göstər.
“Musiqidən pul qazanmaq məcburiyyətində olmamışam”
Əsl sənətim isə tamamilə başqadır. Çünki yalnız musiqi ilə pul qazanmaq mümkün deyil. Ona görə də mühəndis olmuşam, işləmişəm və normal həyat qurmuşam. İfaçılar həmişə pul, borc və gündəlik xərclər barədə düşünməli olduqları üçün narahatlıq keçirirlər.
Mən isə bu baxımdan azad olmuşam. Musiqidən pul qazanmaq dərdi çəkməmişəm. Əsas peşəmdən maaş aldığım üçün musiqi ilə könüllü məşğul olmuşam.
İllər keçdikcə çox nüfuzlu məkanlarda çıxış etmişəm. O cümlədən Amerikanın ən məşhur konsert zallarından biri olan Nyu-Yorkdakı “Carnegie Hall” səhnəsində üç dəfə solo konsert vermişəm. “Lincoln Center”də isə, bəlkə də, 15 dəfə çıxış etmişəm.
Mən Azərbaycan muğamının nümayəndəsi və təqdimatçısı olmuşam ki, insanlar bu musiqini dinləsin, ona maraq göstərsinlər. Məqsədim əvvəlcə özümün musiqidən zövq almağım idi. Sonradan isə çox maraqlı məqamlar ortaya çıxdı.
Azərbaycana ilk dəfə 1980-1989-cu illərdə, ikinci dəfə isə 1991-ci ildə gəlmişəm. 1991-ci ildə Filarmoniyada çıxış etdim. Kamança ifaçısı Ədalət Vəzirov, tar ifaçısı Zamiq Əliyev və böyük xanəndə Ağaxan Abdullayevlə birlikdə olmuşuq.
Üçüncü dəfə 1997-ci ildə gəldim. 1991-1997-ci illər arasında uzun fasilənin yaranmasının səbəbi həmin dövrdə Azərbaycandakı vəziyyətin çox ağır olması idi. Qaçqınlar və müharibə dövrünün çətinlikləri səbəbindən bir müddət ölkənizə gələ bilmədim.
Lakin gördüm ki, ölkənizin yaxşı rəhbərliyi var. Cənab Prezident Heydər Əliyev müqavilə imzalamışdı və Azərbaycanda inkişafın olacağını anladım.
Heydər Əliyevlə 40 dəqiqəlik görüş
- 1997-ci ildə Bakıdan Qivami Rəhimli adlı bir şəxs mənə zəng etdi. Mənə dedi ki, BP şirkətinin dəstəyi ilə Opera binasının içərisi təmir edilib, gözəlləşdirilib. Həmin zalda opera yox, muğam gecəsi keçirilməsinə qərar vermişdilər. Fikirləşmişdilər ki, Amerikada yaşayan Cefri Verbok adlı bir muğam həvəskarı var, qoy o da həmin muğam axşamında iştirak etsin.
İlk dəfə Azərbaycana gələndə bir kəlmə də bilmirdim. Buna baxmayaraq, hiss edirdim ki, bu ölkəyə tez-tez qayıtmalıyam. O vaxt məktəb, müəllim və ya lüğət yox idi. İndi bunlar var, amma yenə də mənə tam kömək etmir. Azərbaycana hər gələndə danışmağa çalışıram, insanları dinləyirəm və beləcə inkişaf edirəm.
Deməli, 1997-ci ildə üçüncü dəfə Azərbaycana gələndə cənab Prezident Heydər Əliyev amerikalı bir gəncin gəldiyini, muğamı, kamançanı və tarı bildiyini eşitmişdi. Onun dünyagörüşü çox geniş idi. Hər şey onun üçün maraqlı idi. Ona görə də mənimlə görüşmək istədi. Prezidentlə görüşə gedəndə düşünürdüm ki, o, çox vacib insandır. Yəqin ki, cədvəli dolu olacaq və görüşümüz cəmi 3-5 dəqiqə çəkəcək. Ancaq biz 40 dəqiqə söhbət etdik.
Onun çox maraqlı fikirləri vardı. Mənə elə izahat verdi ki, Azərbaycan haqqında baxışım daha da genişləndi. O başa saldı ki, mənim gördüyüm iş təkcə özümün zövq almağım üçün deyil, daha böyük əhəmiyyət daşıyır.
Dedi ki, hər bir ölkənin gələcəyi üçün milli kimlik olmalıdır, milli kimlik isə mədəniyyət üzərində qurulur. Mənim gördüyüm işin iki tərəfi var: birincisi, başqa ölkələrdə Azərbaycan haqqında məlumat yaymaq, ikincisi isə azərbaycanlıların milli kimliyinin güclənməsinə təsir etməkdir.
Cənab Prezident Heydər Əliyevin heç bir kağıza baxmadan, ayaqüstə bir saat, hətta saat yarım necə səlis və məntiqli danışdığını dinləmişəm. Çıxışını bu sözlərlə bitirdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Niyə həmişə belə deyirdi? Çünki o, ölkə quran böyük dövlət xadimi idi. Bilirsiniz ki, Azərbaycanda yerlibazlıq meyilləri var. “Haralısan? Şəki, Qazax, Yevlax, Gəncə...” demək olmaz. Demək lazımdır ki, mən azərbaycanlıyam, vəssalam. Şəki, Quba, Şamaxı gözəl yerlərdir, amma ölkənin var olması üçün birlik lazımdır. Xüsusilə də ətrafınızda düşmənlər çox olduğu üçün güclü olmalısınız.
“Bütün vaxtımı Azərbaycan haqqında filmlər çəkməyə həsr etmişəm”
- Ona görə də qarşıma ikinci məqsəd qoydum. 1997-ci ildən sonra düşünməyə başladım: "Məqsədimi necə inkişaf etdirə bilərəm?" Fikirləşdim ki, məlumat paylaşmağın ən güclü yolu kino, xüsusilə də sənədli filmdir. Buna görə də kino yaratmağı öyrənməli idim: video çəkilişi, işıq, rəng, səs, mühəndislik, tezlik və balans - bütün bunlar peşəkar səviyyədə olmalı idi. Sənətimin bu tərəfini də öyrəndim və rejissor oldum. Başqa mövzu ilə maraqlanmıram. Yəni kimsə məndən soruşsa ki, “Cefri, kino çəkirsən?”, cavabım budur: "Xeyr, mən yalnız Azərbaycan haqqında film çəkirəm". Bu işə inanıram və onu həyata keçirmək üçün vaxtımı sərf edirəm. Çox maraqlı təsadüf oldu ki, bu gözəl söhbət baş tutdu. Bu axşam burada toplaşıb danışmağımız mənə böyük təsir göstərdi. Həmin hiss bu gün də mənimlədir, məni yaşadır. Çünki məqsədim var.
Qaçqın düşərgələrindən dünyaya yayılan muğam səsləri
- Qarabağdan danışdınız. Gəlin, bir qədər keçmişə qayıdaq. Sizin çox maraqlı sənədli filminiz var - “Gənc səslər, qədim nəğmə”. Şəxsən mən də filmə baxanda çox təsirlənmişdim. Qaçqınların yaşadığı ağır şəraitdə olmağınız, gənc səsləri seçməyiniz və illər sonra həmin səslərin sorağı ilə yenidən geri qayıtmağınız çox maraqlı idi. İstərdim, bu barədə özünüz də danışasınız. Həmin uşaqların sonradan böyüdüyünü görəndə, talelərini öyrənəndə hansı hissləri keçirdiniz?
- Bu fikir Heydər Əliyevlə əsas görüşümdən sonra yarandı. Həmin görüşdən sonra düşündüm ki, Azərbaycan haqqında məlumatı necə paylaşa bilərəm? İlk ağlıma gələn film - sənədli film oldu. Bunun ən güclü yol olduğunu düşündüm. Sonra isə fikirləşdim: Bəs necə başlayacağıq? 2000-ci ildə yenə Qivami müəllim mənə zəng etdi. Əsas görüşümüzdən üç il keçmişdi. Dedi ki, Cefri, bizə gəl. BP şirkəti yol xərclərinizi qarşılayacaq, bura gəlin, qonağımız olun. Soruşdum ki, nə iş görəcəyəm? Dedi ki, müsabiqə keçiriləcək. İstəyib-istəmədiyimi soruşdu ki, tamaşaçı kimi iştirak edim. Dedim, yox. O isə bildirdi ki, münsiflər heyətində əyləşəcəyəm.
Bir qədər təəccübləndim. Dedim ki, bu nə söhbətdir? Mən musiqişünas deyiləm, adi bir adamam. Sizdə kifayət qədər musiqişünas var. Mənə nə ehtiyac var? O isə dedi: “Cefri, bunun səbəbi var. Gəl, daha artıq söz demə, münsiflər heyətində əyləşəcəksən”. Mən də razılaşdım, gələcəyimi bildirdim. Amma Qivamidən bir xahişim oldu. Dedim ki, gəlməyim üçün bir az kömək etsin. Bilirsiniz, başqa ölkəyə səfər etmək özü də əziyyətdir.
Soruşdum ki, şirkətiniz bu səfərə sponsorluq edə bilərmi? Biz qaçqın düşərgələrinə getmək istəyirik. O da soruşdu ki, nə üçün? Bu barədə uzun danışmaq istəmirəm, çox detalları var. Mən qaçqınları və onların vəziyyətini öz gözlərimlə görmək istəyirdim. Sonra başqa ölkələrdə də onlar haqqında danışmaq imkanım olardı. Çünki insanın özü orada olmadan, həmin şəraiti görmədən başqalarına nə baş verdiyini danışmağa nə haqqı var?
Mən eşitdiklərimə əsaslanmaq istəmirdim. İngiliscə buna “hearsay” deyirik. Özüm orada olmaq, həmin insanlara baxmaq, hekayələrini dinləmək istəyirdim. Onda gördüklərim haqqında öz adımdan danışa bilərdim. Qivami çox ağıllı insandır. Məqsədimin nə olduğunu tez başa düşdü və işə başladı. Üç günlük səfər üçün səkkiz nəfərlik heyət təşkil etdi. Müxtəlif düşərgələrə getdik. Bu səfərin məqsədini müsabiqə ilə əlaqələndirmişdik. Düşərgələrdəki şərait, əlbəttə, çox ağır idi. İnsanlar yaxşı geyinmişdilər, bizi bir zala topladılar. Zal yaxşı vəziyyətdə deyildi, amma nə etmək olardı? Ora düşərgə idi. Bizə dedilər ki, müsabiqədə kimlər iştirak edəcək. Mən xanəndələrin, yəni böyüklərin iştirak edəcəyini düşünürdüm. Amma Qivami dedi: “Cefri, bilirsən nə var? Bizim uşaqlarımız da var. Onlar muğam çala və oxuya bilirlər”. Əvvəlcə bunun zarafat olduğunu düşündüm. Çünki muğam çox mürəkkəb musiqidir. Həm mürəkkəb, həm dərin, həm də mistik fəlsəfəsi olan bir sənətdir. Uşaqların bunu bacarmasına inanmaq çətin idi. Dedim, nə danışırsan? O isə bildirdi ki, zarafat etmir, bu, əsl fenomendir. Sonra araşdırmağa başladım. Başqa ölkələrdə də istedadlı uşaqlar olur. Məsələn, dörd-beş yaşında skripka çalan bir Motsart - buna “prodigy” deyirik. Bu, adi hal deyil. Amma burada söhbət bir, iki, üç uşaqdan getmirdi. Bəlkə də yüzlərlə uşaqdan gedirdi. Bu, dünyada heyrətamiz bir fenomendir, əsl möcüzədir. Mən ömrümdə gördüyüm ən böyük möcüzələrdən birinin Azərbaycanda muğam oxuya bilən uşaqlar olduğunu düşünürəm.
Mənim nöqteyi-nəzərimdən muğam opera ilə müqayisə oluna bilər. Təsəvvür edin, İtaliyaya gedirsiniz, hansısa kənddə uşaqlar “Fiqaro” operasını oxuya bilirlər. Bütün dünya bununla maraqlanar. Qəzetlər, televiziyalar, hamı həmin kəndə üz tutar ki, bu uşaqlar necə oxuyurlar. Amma Azərbaycanda belə bir hadisə baş verir və dünyanın bundan niyə xəbərsiz olduğunu başa düşə bilmirəm. Bu, möcüzəvi bir fenomendir. Mən də anladım ki, sənədli film üçün çox gözəl mövzu tapmışam. İstəyirdim ki, azərbaycanlılar bu uşaqlarla fəxr etsinlər, nəyin aşkarlandığını, nə tapdığımızı görsünlər.
2000-ci ildə İmişli, Saatlı, Sabirabad, Bərdə və Bəhrəmtəpədə yerləşən beş düşərgəyə səfər etdik. Uşaqlar mahnılar oxudular. Daha sonra onların arasından müsabiqədə iştirak edəcək nümayəndələri seçərək Bakıya gətirdik. Səfərimiz üç gün davam etdi və biz səkkiz nəfər idik. Çox maraqlı günlər keçirdik.
Həmin vaxt hələ DVD-lər yox idi. Qayıdanda çəkdiyimiz materialların olduğu kasetləri özümlə Amerikaya apardım. Orada bir studiya tapdım. Onlar görüntüləri sizin PAL sistemindən bizim NTSC sisteminə çevirdilər.
Daha sonra montaj işləri aparıldı. Əlimizdəki beş-altı saatlıq materialdan 18 dəqiqəlik sənədli film hazırladım. Filmin adını “The Children Sing Mugam” qoydum. Sonra onu müxtəlif yerlərdə paylaşmağa başladım. Harada çıxış edir, danışır və ya musiqi ifa edirdimsə, filmin bir nüsxəsini də hədiyyə edirdim. Deyirdim ki, alın, bu uşaqlar haqqında maraqlı bir filmdir.
Vaxt keçdi. Artıq növbəti mövzunu, daha böyük bir layihəni düşünürdüm. Rəhmətlik dostum, jurnalist və yazıçı Tomas Qoltz var idi. Onun böyük bığları vardı, özü də keçəl idi. O, “Azərbaycan gündəliyi” adlı kitab yazmışdı. 1992-ci ildə Kəlbəcərə getmişdi, Xocalı hadisələrindən sonra orada olmuşdu. O, amerikalı olsa da, Azərbaycanı mənim kimi çox sevirdi. Musiqi ifa edə bilmirdi, amma jurnalist idi. Azərbaycan haqqında həqiqətləri yazan, ölkəni sevən bir insan idi. Təəssüf ki, sonradan xəstələndi və dünyasını dəyişdi.
“Gənc səslər, qədim nəğmə” filminin qəhrəmanlarının taleyi
Tale Heydərov onun dostu idi. Bir gün Tomas mənə dedi ki, Cefri, gəl, səni Tale Heydərovla tanış edim. Çünki Tale Heydərov Azərbaycan haqqında filmlər çəkmək istəyirdi. Tomas düşünürdü ki, bu mövzu onun da marağına səbəb ola bilər. Beləliklə, bizi tanış etdi. Bundan sonra mən, Tomas və Tale növbəti filmin mövzusunun necə olacağını müzakirə etməyə başladıq.
Mənim ağlıma belə bir fikir gəldi: “Gəlin, yenidən həmin düşərgələrə qayıdaq”. Artıq səkkiz il keçmişdi, o balaca uşaqlar böyümüşdülər. Onları yenidən tapmaq maraqlı olardı. Bu, bir növ axtarış səfəri olacaqdı. Belə bir səfərin çox xərc tələb etdiyini bilirdim. Üstəlik, həmin uşaqları tapmaq üçün cəmi üç gün vaxtımız vardı. Çox maraqlı axtarış oldu. Filmə baxanda gördünüz ki, necə maraqlı təsadüflərlə qarşılaşdıq. Bu, həqiqətən də heyrətamiz idi. Biz onları tapdıq!
Düşündük ki, bu mövzu maraqlı ola bilər, film festivallarında da nümayiş etdirilə bilər. Amma bütün bunlar çox böyük iş və vaxt tələb edirdi. İllər keçdi. Filmin ilk təqdimatı 2008-ci ildə deyil, 2016-cı ildə Nizami Kino Mərkəzində oldu. Çünki görüləsi çox iş vardı.
Tale bütün xərcləri qarşılamağa hazır idi. Sonra düşündüm ki, bu, 54 dəqiqəlik filmdir, kiçik bir iş deyil. Filmi “YouTube”a yerləşdirdim. Beləliklə, film orada yayımlandı. Minlərlə insan ona baxdı. İndi eşitmişəm ki, 44 günlük müharibə zamanı filminizi televiziyada dəfələrlə nümayiş etdiriblər.
“25 il sonra ayağım Şuşa torpağına dəydi”
44 günlük müharibə zamanı Tale Heydərov yenidən mənə zəng etdi. Dedi ki, Cefri, yenə film çəkmək istəyirəm. Mən də “Baş üstə, bəs mövzu nədir?” deyə soruşdum.
Dedi ki, Qarabağ haqqında film olacaq, müharibə oldu. Dedim, bəli, xəbərim var. Sonra dedi ki, hər şeyi təşkil edəcəklər və mən videoqrafla birlikdə Şuşaya gedəcəyəm.
Bu, mənim üçün bir arzu idi. Çünki 1997-ci ildə sizin o vaxtkı rəhbəriniz Heydər Əliyevə söz vermişdim ki, Şuşa azad olunanda ora gedəcəyəm. Hətta lazım olsa, orada hansısa binanın bərpasına kömək edəcəyimi də demişdim.
Bu təklif mənim üçün sürpriz oldu. “Şuşa?” deyə təəccüblə soruşdum. “Bəli, Şuşaya gedirik”, - dedilər. 1997-ci ildə verdiyim sözdən 25 il sonra, 2022-ci ildə, nəhayət, ayağım Şuşa torpağına dəydi.
Bir kitab var. Düz 100 il əvvəl, 1926-cı ildə çap olunub. Mən 19 yaşımda həmin kitabı oxumuşdum. Orada Azərbaycan haqqında yazılmışdı. İlk dəfə idi ki, ölkənizin adını eşidirdim. Kitabda deyilirdi ki, uzaqlarda Azərbaycan adlı bir ölkə var, orada maraqlı musiqi mövcuddur. Həmin ölkənin daxilində Qarabağ adlı maraqlı bir yer də var.
Mən o vaxta qədər Azərbaycan haqqında heç nə bilmirdim. Başqa ölkələrdən xəbərim vardı, amma Azərbaycan haqqında eşitməmişdim. O kitabı oxuyandan sonra düşündüm ki, bir gün Azərbaycana, Qarabağa da gedəcəyəm. Nəhayət, yarım əsrdən çox vaxt keçəndən sonra məqsədimə çatdım. Bu, mənim üçün adi bir hadisə deyildi, çox böyük məna daşıyırdı.
Azərbaycan xalqı öz torpağını azad etdiyi üçün fəxr etməlidir. Siz öz torpaqlarınızı azad etdiniz. Afərin! Amma bunun çox ağır bədəli oldu. Üç minə yaxın oğul itirdiniz. Ona görə də Şuşa haqqında çəkəcəyim yeni filmdə yalnız şən, xoşbəxt mənzərələri göstərməyin düzgün olmayacağını düşündüm. Mütləq hər iki tərəfi göstərmək, insanlara hadisələrin bütün tarixçəsini çatdırmaq lazım idi.
19 yaşlı şəhidin əlindəki tar...
Ona görə Elnur Məhərrəmovdan xahiş etdim: “Elnur, gəl, Quzanlıya gedək. Ağdam rayonunun Quzanlı qəsəbəsində bir tədbir təşkil edək. Orada yeni muğam mərkəzi yaradılıb, çox gözəl yerdir. Yəqin ki, Quzanlıda şəhid olmuş əsgərlərin ailələrindən bir-iki nəfəri də tapa bilərik”.
Elnur dedi ki, başa düşdüm, problem yoxdur. Beləliklə, şəhid atalarından üçünü dəvət etdilər. Onlar tədbirə gəldilər. Bu hadisə dörd il əvvəl baş vermişdi.
Bir qədər ağır vəziyyət idi. Onların yanına getdim, qucaqlaşdıq, öpüşdük, söhbət etdik. Atalardan birindən soruşdum: “Sizdə oğlunuzun şəkli var?” Telefonunu çıxarıb şəhid oğlunun şəklini göstərdi. Şəkildə hərbi geyimdə, 19 yaşlı bir gənc vardı. Əlində nə tutmuşdu? Kalaşnikov yox, tar! (kövrəlir-red.)
Bu mənzərə məni çox sarsıtdı. Şəkilə baxdım və göz yaşlarımı saxlaya bilmədim. Kənara çəkilib ağladım ki, oradakı insanlar bunu görməsinlər. Sonra sakitləşdik və geri qayıtdıq. Çox ağır anlar idi. Amma düşünürdüm ki, bu səhnə mütləq filmdə olmalıdır. Bütün hekayəni göstərmək, dünyanın nə baş verdiyini bilməsini istəyirdim.
Filmdə istifadə etdiyiniz bəzi görüntüləri özüm çəkmişəm. Məsələn, şəhidlərlə bağlı görüntüləri də özüm lentə almışam. Çünki çəkiliş zamanı panoramı, bucağı, işığı, insanların hərəkətini nəzərə almaq lazımdır. Hər şeyin öz qaydası var. Mən danışarkən bunları da nəzərdə tuturdum. Sonra montaj zamanı nəyin necə görünəcəyini düşünürdüm.
Nəhayət, filmi tamamladıq. Tale bəy dedi ki, ilk təqdimat Nizami Kino Mərkəzində keçirilsin. Ötən il, avqustun 7-də filmin ilk təqdimatını etdik. Bu il isə Heydər Əliyev Fondundan mənə zəng etdilər. Dedilər: “Cefri, gəl, Xarıbülbül festivalında iştirak et. Həm də filminizi - “Şuşa, sevgilim”i nümayiş etdirəcəyik. Bundan əlavə, Şuşada çıxış edəcəksən”.
Təsəvvür edirsiniz? Amerikalı bir insan Şuşada muğam ifa edəcək! Mənə elə gəlirdi ki, belə bir şey mümkün deyil. Sanki kimsə mənə yol gedərkən desəydi ki, bir gün Şuşada olacaqsan və orada muğam ifa edəcəksən, inanmazdım. Amma bu, may ayında gerçəkləşdi.
Sahib Paşazadə də məni görəndə dedi: “Cefri, bilirik ki, bu il 75 yaşın tamam olur. Gəl, Beynəlxalq Muğam Mərkəzində sənin yubileyini təşkil edək”. Sahib Paşazadə tar ifaçısıdır, köhnə dostumdur və hazırda mərkəzin rəhbəridir.
Mən əvvəlcə istəmədiyimi bildirdim. Amma sonra gəlməyə razılaşdım.
Şənbə günü axşamı tədbir keçirildi və zalda boş yer qalmadı. Əvvəlcə “Şuşa sevgilim” filmini nümayiş etdirdik. Daha sonra mən və dostlarım - Quzanlıdan olan xanəndə, Ağdamdan olan tar ifaçısı səhnəyə çıxdıq. Çox dramatik bir an idi. Eyni dəstgahı - “Dilkəş” təsnifini ifa etdik. Tamaşaçılar çox razı qaldılar.
Bir maraqlı əhvalat da danışım. Şuşaya çəkilişə cəmi iki nəfər getmişdik: mən və videoqraf. O, İsveçin Stokholm şəhərindən idi. Azərbaycanı, onun mədəniyyətini və insanlarını çox sevirdi. Burada özünü rahat hiss edirdi. Ona təklif etdim, o da dərhal razılaşdı. Beləliklə, ikimiz Şuşaya getdik və bütün çəkilişləri etdik. Sonra ona filmin üzərində necə işləyəcəyimizi ətraflı izah etdim. Ssenarinin ardıcıllığının necə qurulacağını, hansı görüntülərin saxlanılacağını, hansılarının çıxarılacağını danışdım. Nəticədən, onun qərarlarından və montaj işindən çox razı qaldım.
Soruşdu ki, Cefri, bu filmin adı nə olacaq? Cavab verdim ki, bilmirəm. Bir il keçdi, yenə soruşdu: “Cefri, film hazır olacaq, adını nə qoyuruq?” Yenə dedim ki, bilmirəm. Hər dəfə “Adı nə olacaq?” deyirdi. Mən isə “Bir az da fikirləşim”, - deyə cavab verirdim.
Bir gün günorta divanda uzanıb yatmışdım. Yuxudan oyananda birdən ağlıma bir ad gəldi: “Şuşa, sevgilim”.
Bu ad sanki ilhamla gəldi. Öz-özümə dedim ki, əla addır! Ona da ingiliscə “Shusha, My Love” adını təklif etdim. İngilis dilində “My Love” sevgilim deməkdir. Şuşanı gözəl bir qıza bənzətdim. Çünki bu adı eşidənlər Şuşanın nə olduğunu, şəhər olduğunu bilməyə bilərlər. Bəziləri elə düşünə bilər ki, söhbət bir insandan, bir qızdan gedir.
Amma mənim üçün Şuşa sevgidir. Bu adın belə bir mənası var. Düşündüm ki, Azərbaycanı tanımayan insanlar əvvəlcə Şuşanın kim olduğunu düşünəcəklər, sonra isə yavaş-yavaş bunun bir şəhər olduğunu anlayacaqlar. Bu da filmdə müəyyən dramatik effekt yaradacaq. Əsas odur ki, adı eşidənlərin yadında qalsın.
“Bilsəydim, gəlməzdim”
- Növbəti sualım Azərbaycan dilini öyrənməyinizlə bağlıdır, sizə maraqlı gələn sözlər, qeyri-adi gələn sözlər, yəni bununla bağlı biraz soruşmaq istəyərdim.
- Hər dilin öz strukturu var. Azərbaycan dilinin isə çox sadə məntiqi var. Məsələn, ingilis dilində uzun bir fikri ifadə etmək üçün “If I had known, I wouldn't have come.” deməliyiksə, Azərbaycan dilində bunu iki sözlə ifadə etmək mümkündür: “Bilsəydim, gəlməzdim”.
Mən bu dilə baxdım və çox maraqlı olduğunu gördüm. Azərbaycan dilini müəllimsiz və məktəbsiz öyrənmək mənim üçün asan oldu. Lüğətdən oxumaqla öyrənə bilmirəm, mütləq eşitməli, konteksti başa düşməliyəm. Azərbaycan dilində elə sözlər var ki, iki fərqli mənası var. Məsələn, “gül” sözü həm çiçək, həm də gülmək mənasında işlənir. Ona görə də mənim üçün kontekst çox vacibdir. Bəzi sözləri tanımadığım üçün Azərbaycan dilini öyrənmək bir qədər çətinləşir. Danışanda özümü rahat hiss edirəm. Çünki nə demək istədiyimi bilirəm və fikrimi ifadə edirəm. Siz də məni başa düşürsünüz. Amma siz danışanda bəzən elə bir söz işlədirsiniz ki, onu tanımıram və buna görə də cümlənin ümumi mənasını anlamaqda çətinlik çəkirəm.
- Siz Amerikalısınız, həyat yoldaşınız isə azərbaycanlıdır. Beləliklə, iki fərqli mədəniyyət bir evdə birləşib. Bu, çox maraqlı mövzudur. Azərbaycanlı biri ilə yaşamaq necədir? Bu barədə bir qədər danışmağınızı istərdik. Çünki söhbət iki fərqli mədəniyyətdən gedir.
– Bu, azərbaycanlılar üçün maraqlı mövzudur. Amma yenə deməliyəm ki, bu barədə danışmağa ixtiyarım yoxdur. Çünki söhbət mənə deyil, həyat yoldaşıma aid olan şəxsi məlumatlardan gedir. Məsələn, onun necə insan olduğunu, necə davrandığını danışmaq mənə düşməz. Bu, onun şəxsi həyatıdır, mənim yox.
Amma bunu deyə bilərəm: həyat yoldaşım peşəkar videoqrafdır. Onun adı Natavandır. Biz tanış olanda gördüm ki, ingilis dilində çox səlis danışır. Fikirləşdim ki, bəlkə, işimdə mənə kömək edə bilər. Çünki o, peşəkar videoqraf idi. Həmin vaxt AzTV-də yayımlanan “Bizim sinif” verilişinin rejissoru və redaktoru kimi çalışırdı. Bəlkə, indi yayımlanmır, amma təxminən 18 il əvvəl bu veriliş üzərində işləyirdi. Video çəkilişi sahəsində çox bilikli olduğunu gördüm. Üstəlik, ingilis dilini də mükəmməl bilirdi. Anası Bakıda ingilis dili professorudur.
İki mədəniyyətin qovuşduğu ailə
Münasibətimiz belə başladı. Çox danışırdıq, söhbət edirdik. Film çəkmək üçün bir-birimizlə uzun-uzadı müzakirələr aparmalı, ssenariləri ardıcıllıqla işləməli idik. Zaman keçdikcə hiss etdim ki, o, çox yaxşı insandır. Aramızda sevgi yarandı. Beləliklə, qismətimiz birləşdi. İndi 14 yaşlı oğlumuz var. O, gitara ifa edir, çox istedadlı oğlandır və alətdə çox yaxşı çalır.
Amma bu, bir qədər mürəkkəb mövzudur. Ona görə də əvvəlcədən dedim ki, şəxsi həyatımız haqqında ətraflı danışmağa ixtiyarım yoxdur. Sizin maraqlandığınızı başa düşürəm, amma yenə də bu məlumatları paylaşmaq istəmirəm.
- Bəs Azərbaycan mətbəxi ilə aranız necədir?
- Mətbəxiniz mənim üçün qəribə deyil. Çünki Asiya və Şərq mədəniyyətlərini yaxşı tanıyıram. Dovğanı ilk dəfə içəndə dedim ki, əlbəttə, belə olmalıdır, sanki ana südüdür.
Kababa gəlincə, Amerikada yaşayan azərbaycanlılar məndən musiqi haqqında yox, kabab haqqında danışırlar. Deyirlər: “Cefri, kabab bişirir!” Mən lülə kabab hazırlayıram. Bunun üçün xüsusi balta almışam. Əti uzun müddət xırdalamaq, döymək lazımdır. Sonra onu şişə yığırsan. Manqalı da özüm düzəltmişəm. Qalın, paslanmayan poladdan, əsl Qafqaz manqalı hazırlamışam. Şişləri də özüm düzəltmişəm.
Ət marinad etməyi də bilirəm. Məsələn, tikə kabab üçün ət alırıq. Amma Azərbaycan qoyununun əti bir qədər fərqlidir. Amerikada belə ət tapmaq çətindir. Ona görə Yeni Zelandiya və Avstraliyadan gətirilən ətdən istifadə edirəm. Amerika ətini almıram, çünki dadı mənə uyğun deyil. Heyvanların nə ilə qidalanması da vacibdir.
Xəngəl də bişirə bilirəm. Qovurma, küftə-bozbaş, düşbərə... Sizin düşbərəniz də çox gözəldir. Bir gün əvvəl Şəki pitisi yemişdim, möhtəşəmdir! Onu hazırlamaq üçün xüsusi saxsı qablar lazımdır. Bir sözlə, çox şey öyrənmişəm. Mətbəxdə də özümü azərbaycanlı kimi hiss edirəm.
Mürəbbələrdən armud, Abşeron ənciri, qarpız, ağ tut və zoğal mürəbbəsini çox xoşlayıram. Xəstələnəndə zoğal mürəbbəsi ilə çay içirəm, ona inanıram. Həmişə Bakıdan gedəndə çamadanıma lavaş və Abşeron ənciri mürəbbəsi yığıb aparıram.
- Belə görürəm ki, sizi artıq tipik azərbaycanlıya çevirmişik. Xəstələnən kimi sizə zoğal mürəbəssi verirlər.
- Bəli, özüm də hazırlayıram. Heyva alıb doğrayıram. Çünki onun tumları çox maraqlıdır, boğazı yumşaldır. Oxumaq, məsələn, təsnif ifa etmək lazım gələndə ondan bir qədər içirəm. Boğazımı yumşaldır. Lavaş da aparıram Amerikaya. Bura gələndə həmişə çamadana lavaş qoyuram. Bir banka da Abşeron ənciri mürəbbəsi götürürəm. Çox gözəldir.
- Müsahibə üçün çox sağ olun.







