DYP-dən COP29 ərəfəsində nəqliyyat sıxlığının azaldılması ilə bağlı MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP-dən COP29 ərəfəsində nəqliyyat sıxlığının azaldılması ilə bağlı MÜRACİƏT

Qafar Ağayev10:35 - 04 / 11 / 2024
DYP-dən COP29 ərəfəsində nəqliyyat sıxlığının azaldılması ilə bağlı MÜRACİƏT

Mötəbər tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir.

1news.az xəbər verir ki, bu barədə COP29 konfransı tarixlərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.

Müraciətdə qeyd olunur:

"Artıq noyabrın birinci ongünlüyündən başlayaraq paytaxtımız iqlim konfransı iştirakçılarını qəbul etməyə başlayacaq.

Məlumat verildiyi kimi beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə, müvafiq konsepsiya hazırlanıb. Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir.

Ümidvarıq ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcəkdir" - deyə müraciətdə qeyd olunub.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər