Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 30 ailə olmaqla, 150 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.