Azərbaycanın energetika naziri latviyalı həmkarı ilə yaşıl enerjinin inkişafını müzakirə edib
COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Latviyanın iqlim və energetika naziri Kaspars Melnis arasında görüş olub.
1news.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə hər iki ölkədə bərpaolunan enerji sahəsində həyata keçirilən inkişaf kursu barədə müzakirələr aparılıb.
COP29 Sədrliyinin enerji təşəbbüslərinin, Azərbaycanın yaşıl enerji istehsalı - ixracı layihələrinin geniş coğrafiyada enerji təhlükəsizliyi və enerji keçidində əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, külək və günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpaolunan enerjinin payı 2027-ci ildə 33 faizə, 2030-cu ildə isə 35,5 faizə yüksələcək. Bu, ölkədə yaşıl enerji sahəsinin yüksək inkişaf dinamikasından xəbər verir.
Görüşdə, həmçinin Azərbaycan və Mərkəzi Asiyadan Avropa və Türkiyə istiqamətlərində yaşıl enerji və “yaşıl qaz”ların tədarükü, həmçinin bərpaolunan enerjinin dayanıqlığını artırmaq məqsədilə enerji saxlanma sistemlərinin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Latviyanın bərpaolunan enerji sahəsində təcrübəsi bölüşülüb və enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib.