“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır

Qafar Ağayev15:44 - 21 / 11 / 2024
“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ötən gün “Azərbaycan Dəmir Yolları” QSC və Almaniyanın “Rhenus Group” şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı başlamış səmərəli müzakirələr 21 noyabr tarixində davam etdirilib.

1news.az “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Rhenus Group” şirkətinin baş icraçı direktoru Tobias Bartzın rəhbərlik etdiyi nümayəndə ilə görüşdə Azərbaycanda dəmiryol infrastrukturunun modernləşdirilməsi, elektrikləşdirilməsi, ölkəmizdən keçən beynəlxalq dəhlizlər üzrə dəmir yollarının ötürücülük imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.

Qeyd olunub ki, beynəlxalq dəhlizlərlə yükdaşımalarda karbon emissiyalarının azaldılması əsas çağırışlardan biridir və bu məqsədlə əməliyyatların rəqəmsallaşdırılması xüsusilə vacibdir. Son illərdə beynəlxalq yükdaşımaların artması fonunda ADY yeni yüklərin cəlb olunması, həmçinin Orta Dəhliz üzrə marşrutların şaxələndirilməsi istiqamətində tərəfdaşları ilə fəal əməkdaşlıq edir.

Tobias Bartz “Rhenus Group” şirkətinin beynəlxalq logistika xidmətləri göstərdiyini, bir çox ölkələrdə layihələr icra etdiyini, dövlət və özəl sektor üçün təchizat zəncirində mürəkkəb logistika proseslərinin həllini təklif etdiyini və ADY ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər