Nigar Məmmədova: “Avropa Parlamenti yenə qərəz və riyakarlığından əl çəkmir”

“Avropa Parlamenti növbəti dəfə qərəzli mövqe nümayiş etdirib”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
“Qurum yenə qərəz və riyakarlığından əl çəkmir. Belə ki, ötən gün - 19 dekabr tarixli plenar iclasda ölkəmizə qarşı qəbul edilən qərəzli qətnamədə yenə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir. Şübhəsiz ki, bu, ölkəmizin daxili işlərinə qarışmaq cəhdidir, eyni zamanda xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsidir.
Avroparlamentarilərin qərəzi o həddə çatıb ki, müharibə canilərini “hərbi əsir” adı altında müdafiə etməkdən çəkinmirlər. Amma təəssüf ki, 300 minə yaxın Qərbi azərbaycanlının öz tarixi və dədə-baba yurdlarına qayıdışını əngəlləməyə səy göstərirlər. Onların qayıdış hüququ ilə bağlı hər hansı təşəbbüs görmürük.
Rəsmi Bakı avroparlamentarilər tərəfindən səslənən uydurma ittihamların heç birini qəbul etmir. Əslində onlar bu qərəzli yanaşma ilə Araik Arutunyan, Ruben Vardanyan, Bako Saakyan kimi əli azərbaycanlıların qanına batmış müharibə canilərinin məsuliyyətini bölüşürlər.
Bir neçə ay əvvəl, BMT-nin iqlim konfransı – COP29 ərəfəsində ölkəmizə qarşı qəbul edilən qətnamə də böhtan və əsassız ittihamlardan ibarət idi. Eyni qərəzli yanaşma bu gün də davam edir.
Prezident İlham Əliyevin Avropadadkı qərəzli çevrələrin mövqeyilə bağlı söylədiyi kimi, “onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər”. Amma unudurlar ki, Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz.
Avropa İttiqafının müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsi, qərəzli addımlar Ermənistanda revanşizmi təşviq edərək, regionda sülh səylərinə də xələl gətirir. Bir neçə ay əvvəl Xarici İşlər Nazirliyinə çağırılan Avropa İttifaqının Azərbaycandakı səfirindən də Aİ tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub.
Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası, bu cür qərəzli qətnamələr heç bir əhəmiyyət kəsb etmir.
Azərbaycan Respublikasının Milli Məclisi də haqlı olaraq, Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. Hesab edirik ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var”.