TKTA: Bu il 11 ali təhsil müəssisəsində akkreditasiya həyata keçirilib
"Bu il 11 ali təhsil müəssisəsində akkreditasiya həyata keçirilib".
1news.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.
O bildirib ki, akkreditasiyadan keçən universitetlər Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Qərbi Kaspi Universiteti, Bakı Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan İdman Akademiyası, Naxçıvan Dövlət Universitetidir".
Qeyd edilib ki, akkreditasiyadan keçmiş universitetlərdən üçü təkrar akkreditasiyadan keçib.
O, həmçinin bildirib ki, 2025-ci ildə 11 ali təhsil müəssisəsinin və 4 peşə təhsili müəssisəsinin institusional akkreditasiyasının, eyni zamanda proqram akkreditasiyasının keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, 2024-cü təqvim ili üzrə akkreditasiyadan keçməyən ali təhsil müəssisələrində təkrar akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi, məktəbəqədər təhsil proqramı üzrə proqram akkreditasiya qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələri üçün pilot akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi, elektron akkreditasiya sistemi üzərindən akkreditasiya qiymətləndirilməsinin təşkil edilməsi, həmçinin 100 məktəbəqədər təhsil müəssisəsində monitorinqlərin keçirilməsi planlaşdırılır:
“Növbəti təqvim ilində qeyri-formal və informal təhsilin tanınması istiqamətində 4 yeni peşə ixtisası əlavə olunacaq”.
Tural Əhmədov bildirib ki, ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası keçirilib:
"2024-cü il üzrə TKTA tərəfindən 14 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi İxtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib, 3 ali təhsil müəssisənin (Azarbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlar İnstitutu) nəticələri barəsində Akkreditasiya Şurasının 28 noyabr 2004- ci il tarixli iclasında sözügedən ali təhsil müəssisələrində təkrar akkreditasiyasına dair qərar qəbul olunub".
O qeyd edib ki, digər 11 proqram üzrə Yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur.
Tural Əhmədovun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom akreditasiyası keçirilib:
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çerçivəsində maaliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsində (ADPU-CVU, ADAU-Ege, BMU-İNHA, ADA-CVU) 11 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılıb. Akkreditasiya Şurasının bu il noyabrın 28-dəki iclasında bu proqramların 2024/2025-ci tədris ilindən başlayaraq, növbəti 5 il müddətinə proqram akkreditasiyasından keçməsinə dair qərar qəbul edilib”.