İcbari tibbi sığortada KT və MRT müayinələrinin ödənişinin 20 faizini vətəndaş ödəyə bilər - Yenilik | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari tibbi sığortada KT və MRT müayinələrinin ödənişinin 20 faizini vətəndaş ödəyə bilər - Yenilik

Qafar Ağayev11:41 - 28 / 12 / 2024
İcbari tibbi sığortada KT və MRT müayinələrinin ödənişinin 20 faizini vətəndaş ödəyə bilər - Yenilik

İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər

1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “Media nümayəndələri üçün tibbi savadlılıq təlimi”ndə deyib.

O, bildirib ki, hazırda KT və MRT müayinələri sığorta hesabına tam ödənişsiz şəkildə həyata keçirilir.

“Bu əsaslandırılmamış müraciətlərin artmasına, müayinələrdə uzun növbələrə və diaqnostika prosesinin gecikməsinə səbəb olur. 2024-cü ilin 11 ayı ərzində icbari tibbi sığorta hesabına 3.2 milyondan çox radioloji tibbi xidmət göstərilib. Bu xidmətlərdən 481 minə yaxını KT və MRT xidmətlərinin payına düşür. Növbəti ildən etibarən tibbi göstəriş əsasında ambulator şəraitdə aparılan MRT və KT müayinələri üçün hər müraciət üzrə Xidmətlər Zərfinin tarifinə uyğun olaraq 20% məbləğində müştərək maliyyələşmənin tətbiq edilməsi müzakirə olunur. Müştərək maliyyələşmə məbləği müayinə üçün vətəndaş tərəfindən ödənilən məbləğdir.

Bu dəyişikliklər radioloji xidmətlərdən yalnız tibbi göstəriş olduqda istifadəni təmin etmək məqsədi daşıyır. Sözügedən mexanizmin tətbiqi qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra mümkün olacaq” .

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər