“Məktəblilər Ədibin Evində” layihəsi bu il Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Məktəblilər Ədibin Evində” layihəsi bu il Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək - FOTO

16:54 - 27 / 01 / 2025
“Məktəblilər Ədibin Evində” layihəsi bu il Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək - FOTO

Ötən ildən etibarən “Ədibin Evi” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən, 200-dən çox Bakı məktəblisinin iştirak etidyi "Məktəblilər Ədibin Evində" layihəsi bu il “Balakhani Operating Company LTD”-nin dəstəyi ilə davam edəcək.

2025-ci ilin ilk görüşündə İçərişəhərdə yerləşən Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın yaşadığı tarixi ünvan- “Ədibin Evi”ni paytaxtın ən qədim məktəblərindən biri-Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi”, 67 saylı tam orta məktəbin şagirdləri və Azərbaycan dili və ədəbiyyatı üzrə müəllimləri ziyarət ediblər. Qeyd edək ki, XIX əsrin sonunda Bakı Neft Sənayeçiləri Qurultayının qərarı ilə açılan məktəb Balaxanı-Sabunçu-Ramana neft mədənlərində çalışan fəhlələrin uşaqlarına təhsil vermək üçün təsis edilmişdir.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva məktəblilərlə Mir Cəlalın həyat və yaradıcılığı ilə bağlı söhbət aparıb. Bildirib ki, fəaliyyət illərinin əsas hissəsi Sovet dövrünə düşsə də, ədib əsərlərində mövcud senzuraya rəğmən bədii yollarla daim müasirlik, maarifçilik, müstəqillik və azərbaycançılıq ideyalarını təbliğ edib, gələcək nəsillər üçün bu toxumları səpib. Mir Cəlalın sitatına müraciət edərək ki, Şəfəq Mehrəliyeva vurğulayıb ki, “günəş torpağın dərinliklərinə nüfuz edib onu bahar həyatına oyadan kimi, kitab da bəşəriyyətin ən geniş təbəqələrini həyata, azadlığa, səadətə çağırmaqdadır”.

Məktəblilərlə söhbəti davam edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi idarəsinin rəis müavini Günel Səfərova isə bildirib ki, təhsil və fərdin müstəqil düşüncə qabiliyyəti arasında birmənalı əlaqə var. O vurğulayıb ki, kitaba sevgi və qiraət ən gənc yaşdan insanın yaradıcı və tənqidi təfəkkürünü genişləndirir, həyatını təhlil edib qiymətləndirmək bacarığı aşılayır və nəticədə cəmiyyətin daha faydalı üzvünə çevirir. Bu ay 35 illiyini qeyd etdiyimiz Qara Yanvar hadisələrini nümunə gətirərək Günel Səfərova deyib ki, Sovet İttifaqının süqutunu tezləşdirən həmin hadisələr Qarabağdakı haqsızlıqlara etiraz səsini ucaldan məhz tənqidi təfəkkürlü xalqın səsini batırmaq cəhdi idi. Lakin Azərbaycan xalqı müstəqillik istəyindən geri dönməyib, qurbanlar bahasına sonunda öz müstəqilliyini bərpa etdi. İlk müstəqillik tariximizdə də, həmçinin əsrlərlə aralarında ədavət aparıb birləşə bilməyən Azərbaycan xanlıqlarını müstəqil dövlətə xaricdə təhsil alıb mütərəqqi ideyalarla qayıdan ziyalılar çevirdi. “Təhsil namümkünü mümkün edəndir”, deyərək Günel Səfərova məktəblilərə təhsillərində uğurlar arzulayıb.

"Məktəblilər Ədibin Evində" layihəsinin məqsədi gənclər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin milli ədəbiyyat vasitəsi ilə azərbaycançılıq ideyaları ilə tanış olmasını təmin etməkdir.

Bu il layihəni dəstəkləyən “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev şirkətin qərarını şərh edərək bildirib: “Ölkəmiz yeni neft erasına qədəm qoyduqdan bəri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda çoxsaylı təhsil proqramları vasitəsi ilə Prezident İlham Əliyev tərəfindən davam etdirilən “qara qızıl”ın “insan qızılı”na çevrilməsi siyasəti şirkətimiz üçün sosial məsuliyyət layihələri seçərkən prioritet istiqamətdir. Azərbaycanın son 30 ildə qüdrətli dövlətə çevrilməsinin təməlində onun insanının zəkazı və əməyi durur. Ümid edirik, fəaliyyət göstərdiyimiz Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilər bu il “Ədibin Evi”ndəki görüşlərdə iştirak edərək dövlətimizi yeni uğurlara aparan nəslin nümayəndələri kimi formalaşacaqlar”.

Paylaş:
186

Son xəbərlər

Bütün xəbərlər