Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə edilib

Qafar Ağayev17:55 - Bu gün
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə edilib

Fevralın 5-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında onlayn iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, gündəliyin birinci məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) əhəmiyyətindən danışan komitə sədri sənədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Belə ki, layihədə əlilliyi olan şəxslərin əl işlərinin satışının həyata keçirilməsi üçün dövlət tərəfindən dəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunan gəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub.

M.Quliyev gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2021-ci il 22 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilir. Nəticədə, qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidlik təmin olunur.

Komitə sədri bildirib ki, layihədə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna yeni 12-1-ci maddənin əlavə olunması nəzərdə tutulub. Yeni maddədə əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədi ilə qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı gətirilir və Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə qəbul edilir.

Qeyd edilib ki, müzakirələrdə, həmçinin deputatlar Vüqar Bayramov, Nigar Məmmədova, Soltan Məmmədov, Əziz Ələkbərov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxışçılar qanunun tətbiqi mexanizmləri, Azərbaycan işarət dilinin öyrənilməsi, istifadəsi imkanları və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər