Nəsimidə hərbi sursat aşkar edilib - VİDEO

Bakıda hərbi sursat aşkar edilib.
APA xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
