Naxçıvanda sosial-iqtisadi islahatlar müsbət iqtisadi göstəricilərlə nəticələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda sosial-iqtisadi islahatlar müsbət iqtisadi göstəricilərlə nəticələnib

Qafar Ağayev13:01 - Bu gün
Naxçıvanda sosial-iqtisadi islahatlar müsbət iqtisadi göstəricilərlə nəticələnib

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatların və şəffaflaşmanın davamı olaraq Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələrə gətirib çıxarıb.

1news.az xəbər verir ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ÜDM əvvəlki illə müqayisədə 3,1% artıb.

Yerli daxilolmaların artması iqtisadiyyatın dayanıqlı inkişafı üçün mühüm amildir. Muxtar Respublikanın xərclərinin ödənilməsində yerli gəlirlərin xüsusi çəkisi 2022-ci ildə 30%, 2023-cü ildə 38%, 2024-cü ildə isə 57% təşkil edib. Ümumilikdə ötən il muxtar respublikanın yerli gəlirlərinin 87,5%-i İqtisadiyyat Nazirliyinin xətti ilə daxilolmalardan formalaşıb.

Son illərdə aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləmə alətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinin inkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə vergi nəzarəti tədbirləri minimuma endirilib. Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ildə 99,1%, könüllü bəyanetmə isə 99,5% təşkil edib.

Beləliklə, muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. 2024-cü ildə Naxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37,6% artaraq 226,6 mln. manat təşkil edib. Bu, proqnoz göstəricilərlə müqayisədə 30,2% çoxdur.

2024-cü ildə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 71,4% artaraq 21.778, ƏDV ödəyicilərinin sayı 87,1% artaraq 709 olub.

2024-cü ildə muxtar respublikada vergi ödəyiciləri elektron qeydiyyat sisteminə üstünlük verib və dövlət qeydiyyatına düşən 241 kommersiya hüquqi şəxsin 83%-i elektron qaydada qeydiyyata alınıb.

Ötən iki il ərzində Naxçıvanda 3.200-ə yaxın onlayn nəzarət-kassa aparatı, 2.200 dən çox POS-terminal quraşdırılıb. 2024-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 66,2% artaraq 1 mlrd. manatdan çox, o cümlədən POS-terminallar üzrə dövriyyə 38,8% artaraq 112 mln. manat olub.

2024-cü il ərzində istehlakçılara “ƏDV geri al” layihəsi çərçivəsində 1,4 mln. manat vəsait qaytarılıb ki, bu da 2023-cü ilə nisbətən 68% çoxdur.

Görülən işlər nəticəsində sosial daxilolmalarda da mühüm irəliləyişlər əldə edilib. Məcburi dövlət sosial sığorta daxilolmaları 9,7% artaraq 162 mln. manat, qeyri-dövlət sektoru üzrə daxilolmalar 15,8% artaraq 25,4 mln. manat, işsizlikdən sığorta fonduna daxilolmalar 11,4% artaraq 4,4 mln. manat, icbari tibbi sığorta daxilolmaları 18,9% artaraq 28,9 mln. manat təşkil edib.

​​

Ölkənin əmək bazarında şəffaflaşmanın artım və inkişafa önəmli təsirləri var. Muxtar respublikada əmək bazarının ağardılması məqsədilə reallaşdırılan tədbirlər nəticəsində qeyri-dövlət sektoru üzrə aktiv əmək müqavilələrinin sayı 3,6 dəfə artaraq 11.038 olub.

Aparılan islahatlar nəticəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının reallaşdırılması prosesi optimallaşdırılıb. Bunun nəticəsidir ki, muxtar respublikada dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5%, dövlət əmlakının icarəsindən daxilolmalar 87,6%, hərraclarda kiçik dövlət müəssisələrinin və qeyri-yaşayış sahələrinin satışından daxilolmalar 13 dəfə artıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən bütün növ elektron xidmətlərin muxtar respublikada tətbiqinə başlanılıb. 2024-cü il ərzində elektron xidmətlərdən daxil olmuş müraciətlərin sayı 2023-cü illə müqayisdə 4,8 dəfə artaraq 6.500-ə çatıb.

Sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, biznes nümayəndələrinin idarəetmə bacarıqlarının artırılması, güzəştli kreditlərin verilməsi istiqamətində tədbirlər davam etdirilir. Ötən il muxtar respublikada Sahibkarlığın İnkişafı Fondu üzrə problemli kreditlərin məbləği 3,1 dəfə azalıb.

Qeyd edilən göstəricilər ötən il ərzində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi sahədə irəliləyişləri və davamlı inkişaf meyillərini, əlverişli biznes mühitini, vergi sisteminin effektivliyini əks etdirir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər