NDU-da “Vətən” layihəsinin rəhbəri Aydın Tağıyevin təlimi və kitablarının təqdimatı olub | 1news.az | Xəbərlər
Mədəniyyət

NDU-da “Vətən” layihəsinin rəhbəri Aydın Tağıyevin təlimi və kitablarının təqdimatı olub

09:13 - Bu gün
NDU-da “Vətən” layihəsinin rəhbəri Aydın Tağıyevin təlimi və kitablarının təqdimatı olub

Ali təhsil ocağının Magistratura və doktorantura mərkəzində yazıçı, jurnalist, publisist, “Vətən” layihəsinin rəhbəri Aydın Tağıyev “Milli dəyərlər və vətəndaşlıq” layihəsi və onun əhəmiyyəti barədə tələbələrə maarifləndirici təlim keçib.

1news.az xəbər verir ki, giriş sözü ilə çıxış edən universitetin Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova “Vətən” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən bəhs edib.

Bu təşəbbüsün gənclərin vətənpərvərlik duyğularının inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Təlimçi Aydın Tağıyev “Vətən” layihəsinin artıq üç ildir fəaliyyət göstərdiyini qeyd edərək, bu təşəbbüsün heç bir maddi mənfəət güdmədən vətənpərvər könüllülərin fədakarlığı sayəsində həyata keçirildiyini bildirib. Layihənin əsas məqsədinin şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, gələcək nəsillərə ötürmək və unudulmasının qarşısını almaq olduğunu vurğulayıb. Həmçinin milli dəyərlərin qorunması, gənclərin vətəndaşlıq hisslərinin inkişaf etdirilməsi məsələlərindən söz açıb. Təlim çərçivəsində gənclərlə milli kimlik, vətən sevgisi və vətəndaş məsuliyyəti mövzularında fikir mübadiləsi aparılıb.

Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana İnformasiya mərkəzinin direktoru İradə Ağayeva milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanaların və maarifləndirmə işinin təşkilinin vacibliyini vurğulayıb.

Təlim çərçivəsində universitetin Elmi Kitabxanasında yazıçı Aydın Tağıyevin vətənpərvərlik mövzusuna həsr olunan “Böyük Zəfərin 101 şəhidi”, “Fədakarlar Bir Amalın Uğrunda” və ilk dəfə Naxçıvan Dövlət Universitetində təqdim edilən fəlsəfi əsəri “Bir Milyon Zəkanın Şifrəsi” kitablarının təqdimatı olub. Elmi Kitabxananın direktoru Xumar Məmmədova şəhidlərə dair kitabların universitetdə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb. O, “Şanlı Zəfərimiz” adlı kitab guşəsinin yaradıldığını, “Zəfər Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində görülən işləri və semestrin ilk dərslərində şəhid ailələrinin iştirakını qeyd edib.

Şəhid raqib Hüseynovun anası Rəna Hüseynova, layihənin koordinatoru pedoqoq, yazar, tədqiqatçı jurnalist Günel Şəmilzadə və BXA-nın Kitabxana İnformasiya mərkəzinin direktoru İradə Ağayeva şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunun gənclərə aşılanması və milli dəyərlərimizin qorunmasının önəmini qeyd ediblər.

Sonda müəllif göstərilən diqqət və qayğıya görə iştirakçılara öz minnətdarlığını bildirib.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər