“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

Ultra aşağıbüdcəli aviaşirkət “Wizz Air Abu Dhabi” 19 iyun 2025-ci ildən etibarən Əbu-Dabidən Qəbələ Beynəlxalq Hava Limanına birbaşa uçuşlara start verir.
1news.az xəbər verir ki, yeni reyslər həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bir istiqamət üzrə aviabiletlərin qiyməti cəmi 45,99 ABŞ dollarından başlayır.
Yeni marşrutun açılışı münasibətilə “Wizz Air Abu Dhabi” tərəfindən sərnişinlər üçün xüsusi kampaniya elan olunub: belə ki, WIZZ Discount Club proqramının iştirakçılarına, eləcə də satışların ilk üç günü ərzində bütün sərnişinlərə aviabiletlərə 20%-lik xüsusi endirim təqdim edilir. Aviabiletlər artıq aviaşirkətin rəsmi saytı wizzair.com və WIZZ mobil tətbiqi vasitəsilə satışdadır.
“Qəbələyə yeni beynəlxalq reysin açılması ölkəmizə daha çox xarici turistin gəlməsinə şərait yaradacaq, regionun biznes potensialını artıracaq və 2 ölkə arasında mədəni, iqtisadi əlaqələri daha da gücləndirəcək. Qəbələ təbii gözəllikləri, zəngin mədəni irsi və müasir turizm infrastrukturu ilə nadir ahəng yaradır və artıq biz BƏƏ-dən, eləcə də dünyanın hər yerindən olan qonaqlar üçün daha əlçatan olduq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Yohan Eidhagen əlavə edib: “Biz uçuş şəbəkəmizi Əbu-Dabi və Qəbələ arasında yeni marşrutla genişləndirdiyimiz üçün çox şadıq. Yaxın Şərqi kəşf etmək istəyən səyahətçilər üçün bu maraqlı istiqamətlərə sərfəli qiymətlərlə uçuşlar təklif edirik. Wizz Air sərfəli və fərdiləşdirilə bilən seçimləri ilə insanlara büdcələrini aşmadan həyatı sərgüzəştlərlə zənginləşdirməyə imkan verən ağıllı səyahət üsuludur. Şirkətimiz sürətlə genişlənir və BƏƏ paytaxtından həyata keçirilən səyahətləri daha əlçatan edir. Sizi növbəti uçuşlarımızda qarşılamağı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, yeni aviareys Azərbaycan ilə BƏƏ arasında turizm və işgüzar münasibətlərin inkişafına mühüm töhfə verəcək, hər iki regionun iqtisadi inkişafına əlavə təkan yaradacaqdır.
Aviabiletlər artıq satışdadır! Komfort və sərfəli qiymətlərlə səyahətinizi elə indi planlaşdırın!