Musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçirilir.
Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə etmişdir.
12 may tarixində başlayacaq növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcəkdir.
Qeyd olunan ixtisaslar üzrə komissiyalar formalaşdırılıb və attestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildə təlimatlandırılıb.
Qeyd edək ki, attestasiya proqramları ilə Mədəniyyət Nazirliyinin rəsmi saytının (https://culture.gov.az/az/announcements) elanlar bölməsində tanış ola bilərsiniz.