AQTİ-də qida məhsullarının yararlılıq müddəti laborator sınaqlarla təyin olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTİ-də qida məhsullarının yararlılıq müddəti laborator sınaqlarla təyin olunur

Qafar Ağayev17:47 - Bu gün
AQTİ-də qida məhsullarının yararlılıq müddəti laborator sınaqlarla təyin olunur

İstehsal və satış prosesində qida məhsullarının keyfiyyətinin qorunması, onların saxlanma müddəti ərzində etiketində göstərilən qida dəyərinə uyğun qalması əsas tələblərdən biridir.

Bu istiqamətdə istehlakçı hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "rəf ömrünün təyini" üzrə sınaqlar həyata keçirir. Bu sınaqlar məhsulun istehsal tarixindən son istifadə müddətinə qədər olan dövrdə istehlaka yararlılığını müəyyənləşdirməyə xidmət edir.

AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, qida məhsulları üzərində aparılan sınaqlar mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlər əsasında qiymətləndirilir. Sınaqlar yekunlaşdıqdan sonra məhsulun təhlükəsizlik və keyfiyyət baxımından hansı müddət ərzində saxlanıla biləcəyi elmi əsaslarla müəyyən edilir və təsdiqlənmiş hesabat sifarişçiyə təqdim olunur. Müayinələr yüksək səriştəliliyə malik personal tərəfindən beynəlxalq metodlara uyğun olaraq həyata keçirilir.

Sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflər arasında inamın artırılmasıdır. Qida məhsullarında sürətləndirilmiş rəf ömrünün təyin edilməsi sınaqları bu sahədə fəaliyyət göstərən istehsalçılara da müxtəlif istiqamətlərdə dəstək verir. Keyfiyyətin qorunması üçün uyğun saxlanma şəraitinin təyin edilməsi ortaya çıxa biləcək potensial problemlərin erkən mərhələdə aşkarlanması ilə nəticələnir.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər