Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin sənədi kimi yayılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin sənədi kimi yayılıb

Qafar Ağayev17:23 - Bu gün
Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin sənədi kimi yayılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda Təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

Müraciətdə dövlətimizin başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meylin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.

Bu müraciətin BMT səviyyəsində sənəd kimi tanınması Azərbaycan Respublikasının multikulturalizmə və dini həmrəyliyə əsaslanan siyasətinə verilmiş beynəlxalq dəstəyin daha bir təzahürüdür.

Qeyd edək ki, mayın 26-27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.

Beynəlxalq elmi konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər