“5000 manat ödədim, olimpiada saxta çıxdı” – “LANDAU School”un şagirdinin valideyni təşkilatçıları ittiham edir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“5000 manat ödədim, olimpiada saxta çıxdı” – “LANDAU School”un şagirdinin valideyni təşkilatçıları ittiham edir – VİDEO

13:30 - Bu gün
“5000 manat ödədim, olimpiada saxta çıxdı” – “LANDAU School”un şagirdinin valideyni təşkilatçıları ittiham edir – VİDEO

Övladı ilə birlikdə beynəlxalq olimpiadada iştirak etdi, sonradan isə yarışın saxta olduğu üzə çıxdı

1news.az xəbər verir ki, bu hadisə Landau məktəbində təhsil alan bir məktəblinin, riyaziyyatçı alim Vəfa Məmmədovanın övladı ilə bağlı baş verib. Onun sözlərinə görə, övladı Azərbaycanda keçirilən “FİSO” adlı olimpiadada gümüş medal qazandıqdan sonra, ailəyə həmin olimpiadanın beynəlxalq mərhələsində – Dubayda keçiriləcək yarışda iştirak etmək təklif olunub. Bu məqsədlə Vəfa Məmmədova "Qlobal Olimpiad Center" adlı təhsil mərkəzinə 5000 manat məbləğində ödəniş edib.

Lakin sonradan məlum olub ki, yarışın beynəlxalq statusu yoxdur və valideynlər aldadılıb.

Vəfa Məmmədova bildirib ki, həmin olimpiadada Azərbaycandan təxminən 200 məktəbli və onların valideynləri iştirak edib. Onların çoxu eyni şəkildə aldadıldığını iddia edir.

Məsələ ilə bağlı Xəzər Xəbərə açıqlama verən Elm və Təhsil Nazirliyi qeyd edib ki, beynəlxalq olimpiadalara hazırlıq Nazirlik yanında yaradılmış xüsusi mərkəzdə dövlət hesabına və tam ödənişsiz əsaslarla həyata keçirilir.

Nazirliyin açıqlamasında bildirilir:
“Hər il bu mərkəzə respublika fənn olimpiadaları və müsabiqələrinin qalibi olmuş məktəblilər cəlb olunur. Nüfuzlu beynəlxalq olimpiadalarda ölkəni təmsil edəcək milli komanda müvafiq seçim imtahanlarının nəticələrinə əsasən formalaşdırılır. Bu olimpiadalarda ölkə adından maksimum 6 şagird iştirak edə bilər. Qeyd edilən FİSO adlı olimpiada isə rəsmi tanınmır və beynəlxalq olimpiadaların siyahısında yer almır”.

1news.az "LANDAU School"-a rəsmi sorğu göndərib və təhsil müəssisəsindən yaxın günlərdə cavab gözlənilir. Biz mövzu ilə bağlı yenilənmiş məlumatları ictimaiyyətlə tezliklə bölüşəcəyik.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər