Professor Gülçöhrə Məmmədova: “İrəvanın tarixi siması məqsədli şəkildə silinib”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq elmləri doktoru, professor Gülçöhrə Məmmədova “İnşaatın müasir problemləri” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı Qərbi Azərbaycan ərazisində – xüsusilə İrəvan şəhərində baş vermiş mədəni və memarlıq irsinin dağıdılması proseslərindən bəhs edib.
1news.az xəbər verir ki, Professorun sözlərinə görə, 1924-cü ildə təqdim olunan baş planda İrəvan xanlığı dövründə formalaşmış və daha qədim dövrlərə aid tarixi abidələrin tamamilə məhv edilməsi və onların yerində yeni şəhərsalma konsepsiyasına uyğun tamamilə fərqli bir şəhərin inşası nəzərdə tutulmuşdu.
“Bu plan təkcə memarlıq baxımından deyil, həm də etnik və ideoloji yönümlü bir layihə idi. Azərbaycanlılara məxsus tarixi mərkəz, memarlıq irsi və məhəllələr ardıcıl şəkildə sökülərək silindi. Tarixi simanın planlı şəkildə dəyişdirilməsi nəticəsində azərbaycanlıların şəhərdəki izi aradan qaldırıldı”, – deyə Gülçöhrə Məmmədova vurğulayıb.
O qeyd edib ki, hərçənd sonralar Stalin dövründə bu plan millətçi ideyalara söykəndiyi üçün tənqidə məruz qalsa da və müəyyən ideoloji düzəlişlər edilsə də, azərbaycanlılara məxsus yaşayış məhəllələrinin və tarixi memarlıq nümunələrinin dağıdılması prosesi dayandırılmayıb.
Professor xüsusi olaraq qeyd edib ki, dövrünün memarlıq baxımından ən möhtəşəm tikililərindən biri olan İrəvan qalası və onun daxilində yerləşən memarlıq abidələri də bu məqsədli siyasətin nəticəsi olaraq yer üzündən silinmişdir.