“Sehrli şamlar” və “Ceyran göbəyi”: Bakını mistik əşyalar dükanları bürüdü - VİDEOREPORTAJ

Redaksiyamıza daxil olan çoxsaylı oxucu sorğularına əsasən, son vaxtlar paytaxt Bakıda insanlar qəribə adlara malik mağazalara və həmin mağazaların "Tik-Tok" sosial şəbəkəsində olan səhifələrinə rast gəlir: "Sehrli şamlar", "Tale talismanları", "Amulet enerjisi".
Bu cür məkanlarda müxtəlif növ şamlar, ikonalar, runlar, xaçlar və rituallar üçün nəzərdə tutulmuş digər əşyaların satıldığı bildirilir.
1news.az redaksiyasının çəkiliş qrupu belə əşyaların satıldığı bir neçə mağazaya baş çəkdi. Təəssüf ki, heç bir sahibkar çəkiliş aparmağa icazə vermədi. Buna görə də biz digər mağazalara alıcı qismində yollandıq və həqiqətən də oxucularımızın bildirdiyi kimi, mağazalarda hər növ ritualları icra etmək üçün müxtəlif əşyaların satıldığının şahidi olduq. Bizi ən çox təəccübləndirən kəllə formalı, şeytan obrazında olan şamlar, eləcə də ceyran dərisi və “ceyran göbəyi” adlı mistik şara bənzər əşyalar oldu.
Mağaza çalışanlarının dediyinə görə onlar qanuni şəkildə fəaliyyət göstərirlər və bütün əşyalar xaricdən idxal olunur.
1news.az redaksiyası bu cür əşyaların ölkəyə idxalına hər hansı məhdudiyyətin olub-olmadığını dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə də müraciət etdi, lakin cavab əldə edə bilmədik.
Biz də öz növbəmizdə, bu cür satış məntəqələrinə insanların münasibətini öyrənmək məqsədilə şəhər sakinləri arasında sorğu keçirdik.
Maraqlıdır, bu əşyaları kimlər alır və necə istifadə edirlər? Həqiqətənmi insanlar bu əşyaların sirli gücünə inanırlar?
Şəhər sakinləri arasında apardığımız sorğu zamanı bu cür mağazalara və orada satılan əşyalara münasibət barədə fikirlər müxtəlif oldu.
Bəzi respondentlər bu cür əşyalara inanan və onları alan insanları qınamamaq lazım olduğunu bildirdilər. Onların fikrincə, hər kəsin öz seçimi və inancları var və bu, başqaları tərəfindən hörmətlə qarşılanmalıdır.
Digər tərəfdən, xeyli sayda insan bütün bu əməllərin dini baxımdan düzgün olmadığını qeyd etdi. Onlar bu cür əşyaların və ritualların dini dəyərlərə zidd olduğunu və insanları yanlış yola çəkə biləcəyini vurğuladılar.
Maraqlıdır ki, sorğu iştirakçıları arasında bu əşyaları alıb, lakin istifadədən razı qalmadıqlarını bildirənlər də oldu. Onlar öz təcrübələrinə əsaslanaraq, bu əşyaların heç bir "sehirli gücə" malik olmadığını və sadəcə pul itkisi olduğunu qeyd etdilər.
Ümumilikdə, sorğu cəmiyyətdə bu mövzu ilə bağlı fərqli baxış bucaqlarının olduğunu ortaya qoydu.
Mağazalarda xristian dininə aid olan ikonların, xaçların və digər əşyaların rituallar həyata keçirilməsi üçün satıldığını müşahidə etdiyimiz üçün Rus Pravoslav Kilsəsinə müraciət etdik ki, onlarında bu mövzuya olan münasibətini öyrənə bilək.
Suallarımızı Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Borisoviç Pominov cavablandırıb.
Onun sözlərinə əsasən hətta kilisənin özündə belə satılan şamlar, xaçlar və ikonlar heç bir sehirli gücə malik deyillər. Onlar sadəcə olaraq dua etmək üçün nəzərdə tutulublar: “ Bu dəzgahlarda satılanları mən sadəcə fırıldaqçılıq hesab edirəm. Kilsə sehrə inanmır, kilsə yalnız Allaha inanır. Kilsə öz ibadətlərini Allahdan kömək diləyərək həyata keçirir. Bütün bunlar cəfəngiyyatdır, təmiz fırıldaqçılıqdır, bu biznesdir. Kimsə insanların mənəvi cəhətdən və müəyyən dərəcədə hazırlıqsız olmasından çox yaxşı qazanc əldə edir”.
Bizim vəzifəmiz mühakimə yürütmək və kiminsə tərəfini tutmaq deyil. Lakin vacib hesab edirik ki, şəxsi inanclara, xüsusən də mənəvi inanclara toxunan məsələlərdə tənqidi düşüncəni qorumaq, mədəni və dini ənənələrə hörmət etmək və inamı kommersiyadan ayırmağı bacarmaq vacibdir.
Faiqə Məmmədova