Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür

15:56 - Bu gün
Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür

Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür.

1news.az Oxu.Az-a istinadən xatırladır ki, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri olan Barat Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşa şəhərində bəyzadə ailəsində dünyaya gəlib.

Səhnəyə erkən yaşlarında qədəm qoyan sənətkar fəaliyyətinin ilk illərində uşaq və oğlan rollarını da ifa edib. O, Azərbaycan teatrında travesti - yəni kişi obrazlarını canlandıran ilk qadın aktrisa kimi tarixə düşüb.

1935-ci ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrının səhnəsində çıxış edən Barat Şəkinskaya 1937-ci il yanvarın 14-də Gəncə Dövlət Dram Teatrında "Romeo və Cülyetta" tamaşasında "Cülyetta" rolunu ifa edərək "Azərbaycan səhnəsinin Cülyettası" kimi tanınıb.

Onun 1930-cu illərin sonlarında oynadığı "Kostya" və "Napoleon" rolları da teatr tariximizin parlaq səhifələrindəndir.

Barat Şəkinskaya eyni zamanda "Görüş", "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Kölgələr sürünür", "Qəribə əhvalat", "Telefonçu qız", "Azəri teatrının ustaları", "Evin kişisi", "Onun bəlalı sevgisi", "Üzeyir ömrü" kimi filmlərdə yaratdığı obrazlarla Azərbaycan kino sənətinə də mühüm töhfələr verib.

Barat Şəkinskaya 23 yaşında, 4 may 1940-cı ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 21 iyul 1949-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə 84 yaşında vəfat edib. O, Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər