Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda panellər üzrə müzakirələr və görüşlər keçirilib

Xivə şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun açılış mərasimindən sonra tədbir panel müzakirələrlə davam edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, müzakirələrdə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin moderatorluğu ilə keçirilən “Strateji tərəfdaşlığın inkişafında parlamentlərin rolu: qanunvericilik təşəbbüsləri, yüksək səviyyədə əldə olunmuş razılaşmalar və onların həyata keçirilməsinə nəzarət” mövzusunda birinci panel sessiyada parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Əminə Ağazadə mövzu üzrə çıxış ediblər.
“İqtisadi tərəqqiyə parlament dəstəyi: biznes və investisiyalar üçün yeni imkanlar” mövzusunda keçirilən ikinci panel müzakirələrinə isə Milli Məclisin deputatı Ziyad Səmədzadə moderatorluq edib. Bu sessiyada deputatlar Azər Kərimli, Azər Badamov və Tahir Mirkişili çıxış edərək, fikirlərini bölüşüblər.
Deputat Bəxtiyar Əliyevin moderatorluğu ilə “Əqli kapital və rəqəmsal transformasiya: parlamentlərarası əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda keçirilən üçüncü panel müzakirələrində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Samir Vəliyev, Fariz İsmayılzadə, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun moderatorluğu ilə keçirilən və “Mədəniyyət, turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlıq” mövzusuna həsr olunmuş dördüncü panel sessiyada isə deputatlar Günay Əfəndiyeva, Cavanşir Feyziyev və Müşfiq Məmmədli çıxış ediblər.
Forumun beşinci panel sessiyası “Yaşıl gələcək: ətraf mühitin mühafizəsində və iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin rolu” mövzusuna həsr olunub. Bu mövzuda müzakirələrə Milli Məclisin deputatı Fatma Yıldırım moderatorluq edib, deputatlar Nigar Arpadarai və Eyvaz Qurbanov isə fikirlərini bölüşüblər.
Sonuncu – altıncı panel sessiya “Cəmiyyətin və dövlətin inkişafında qadınların və gənclərin səsi: parlament perspektivi” mövzusunda təşkil edilib. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirələrdə moderator olub. Nümayəndə heyətinin üzvləri Könül Nurullayeva və Nigar Məmmədova çıxış ediblər.
Forum çərçivəsində Milli Məclisin deputatları özbəkistanlı həmkarları ilə də görüşüblər. Nümayəndə heyətlərinin qadın deputatları arasında keçirilən görüşdə Tənzilə Rüstəmxanlı, Fatma Yıldırım, Könül Nurullayeva və Günay Əfəndiyeva iştirak ediblər. Görüşdə xalqlarımızın oxşar tarixi, mədəni və mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Söhbət zamanı ölkəmizdə ailə institutunun qorunması istiqamətində görülən tədbirlər, bu istiqamətdə mövcud olan qanunvericilik bazası haqqında məlumat verilib. O cümlədən dost, qardaş xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində parlament müstəvisində atılan addımlar təqdir olunub.
Dostluq qruplarının üzvləri arasında keçirilən görüşdə isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Əminə Ağazadə, Nigar Məmmədova və Anar Məmmədov iştirak ediblər. Görüşdə forumun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında yeni əməkdaşlıq mexanizminə çevriləcəyi qeyd olunub. Vurğulanıb ki, iki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Qanunvericilik orqanları, o cümlədən parlamentlərin dostluq qrupları da xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsində özünəməxsus rol oynayır.
Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 30-da və iyulun 1-də Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistanın Xivə şəhərində işgüzar səfərdə olub.








