QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib - FOTO

Qafar Ağayev16:15 - Bu gün
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib - FOTO

8 iyul 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib.

1news.az xəbər verir ki, artıq 5-ci dəfə təşkil olunan konsert “Tamstore” marketlər şəbəkəsi, “Azərlotereya” ASC və “Huner Group” şirkətinin sponsorluğu, eləcə də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə baş tutub.

Tədbirdə rəsmilər, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verərək əldə edilən vəsaitin Qarabağın bərpası istiqamətində həyata keçirilən tədbirlərə töhfə verəcəyini vurğulayıb:

“Məlum olduğu kimi, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra işğaldan azad edilmiş doğma Qarabağımız yeni mərhələyə - bərpa, dirçəliş və inkişaf mərhələsinə qədəm qoyub. Zərərin aradan qaldırılmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında həmrəyliyin rolu olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər və layihələr həyata keçirilir. “Qarabağ Gecəsi” xeyriyyə konserti də məhz belə layihələrdəndir”.

Rəhman Hacıyev “Qarabağ Gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Sonra tədbir bədii hissə ilə davam edib. Dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə məşhur xarici və yerli müəlliflərin opera janrında yazdıqları əsərlərdən parçalar ifa edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiət etdiyi konsertin dirijoru isə Mustafa Mehmandarov olub.

Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib. Rəsmi ziyafətdə həmrəylik nümayiş etdirərək konsertin ərsəyə gəlməsində Qarabağ Dirçəliş Fonduna dəstək olan tərəfdaşlara və donorlara, eləcə də konsertin ifaçılarına xüsusi plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.

Qeyd edək ki, konsert zamanı Filarmoniyanın foyesində ermənilərin işğal altındakı ərazilərdə törətdikləri dağıntıları nümayiş etdirən “Qarabağda Urbisid” və həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgiləri də təşkil olunub.

Xatırladaq ki, bu günə qədər ikisi Bakıda (2022 və 2024), biri Gəncədə (2023), biri isə Şuşada (2024) olmaqla 4 analoji konsert təşkil olunub.

2021 - 2024-cü illərdə keçirilmiş konsertlərdən əldə edilən 400 min AZN-ə yaxın vəsait işğaldan azad edilən ərazilərdə mədəniyyət obyektlərinin, o cümlədən Ağdamda yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına və yenidən qurulmasına, eyni zamanda Şuşa şəhəri üçün “Yamaha” istehsalı olan böyük konsert royalının alınmasına yönəldilib.

Builki konsertdən əldə edilən 73 mindən artıq vəsait isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər